Məhkəmə qərarları › İş №3(060)-1753/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1753/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1753/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi “Volvo XC-90” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə avtomobili Sumqayıt şəhəri, Səməd Vurğun - Polad Həşimov küçəsində idarə edən zaman adı ona məlum olmayan, lakin üzərində 0109 qeyd edilmiş döş nişanı olan yol polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşan zaman özünü təqdim etməmişdir. Polis əməkdaşı heç bir əsas olmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə İXP6388774 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilmişdir. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Hadisənin kamera görüntüləri var. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. 09 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YPX inspektoru X3 bildirmişdir ki, X2 08 iyul 2024-cü il tarixdə “Volvo XC-90” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində qarşı tərəfdən hərəkətdə olan və hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinə yol vermədən sola dönərək yol ayrıcını keçmə qaydalarını pozmuş və bununla da Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də qeyd edilən maddə ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Hadisənin video görüntüləri də vardır və məhkəməyə təqdim etmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 həmin tarixdə “Volvo XC-90” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Səməd Vurğun - Polad Həşimov küçəsinin kəsişməsində yol verdiyi xətaya görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Volvo XC-90” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü svetoforun qırmızı işığı yaşıl işığa keçən kimi qarşı tərəfdən hərəkətdə olan və hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinə yol vermədən sola dönmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2 həmin tarixdə “Volvo XC- 90” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində qarşı tərəfdən hərəkətdə olan və hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrinə yol vermədən sola dönərək yol ayrıcını keçmə qaydalarını pozmuş və bununla da Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də qeyd edilən maddə ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir (08 iyul 2024-cü il tarixdə qüvvədə olan redaksiya). Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin YPX inspektoru X3 tərəfindən qəbul edilmiş 08 iyul 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar