Məhkəmə qərarları › İş №3(060)-1754/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1754/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1754/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, bir neçə ildir ki, Sumqayıt şəhərində yerləşən “Manqal” restoranı işlədir. İşlədiyi dövrdə bütün qaydalara və qanunlara riayət etmiş və bu günə kimi heç bir dövlət orqanı tərəfindən hər hansı bir səbəbə görə cəzalandırılmamışdır. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tam qanunsuz və əsassız yoxlama apararaq inzibati xəta haqqında protokol tərtib etmiş və bu protokol əsasında 23 iyul 2024-cü il tarixli, MN ******* saylı qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. 23 iyul 2024-cü il tarixli, MN ******* saylı qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini hesab edir. Belə ki, restoranı uzun müddətdir işləsə də, bu yaxınlarda bəzi yenidənqurma işləri aparılmışdır. Otaqlar təmir edilmiş, mətbəx bina hissədən kənara çıxarılmışdır. Havalandırma probleminin həlli, həmçinin keyfiyyətli xidmətin təşkili məqsədi ilə mətbəx bina hissədən kənarda inşa edilmişdir. Bu təmir tikinti işləri çox yeni yekunlaşmışdır. Təqribən 15 gündür ki, təmir işlərini artıq yekunlaşdırmışlar. Bu səbəbdən bəzi əlavələr etməyə ehtiyac var. Bunlardan biri də tüstü bacasına təmizləyici qurğunun qoyulmasıdır. 11 iyul 2024-cü il tarixində idarənin əməkdaşları restorana gəlmişlər. Onlar gələn zaman yoxlama məqsədi ilə gəldiklərini bildirməmiş, yoxlama aparılması üçün tələb olunan hər hansısa bir rəsmi sənəd təqdim etməmişlər. Onlar gəldikdən sonra gözəyarı baxış keçirtməklə inzibati xəta haqında protokol tərtib ediləcəyi bildirilmişdir. O, restoranda tüstü-təmizləyici qurğu quraşdıracağı barədə izahat yazmışdır. İdarənin əməkdaşları onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməyəcəyini bildirmişlər. Lakin, buna baxmayaraq tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 2000 (iki min) manat cərimə edilmişdir. İdarənin əməkdaşları tərəfindən rəsmi olaraq yoxlamanın aparılması barədə ona hər hansı sənəd təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək eyni məzmunlu çıxış etmiş, həmçinin bildirmişdir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları restoranda yeni quraşdırılmış manqalın tüstü bacasında qurğunun olmamasına görə cərimə yazmışlar. Lakin, həmin vaxt qeyd edilən manqal heç işləməmişdir. Belə ki, restoranda içəri hissədə öncədən olan manqal işləmişdir, yeni manqal hələ işə salınmamışdır. Bu halları nəzərə almadan onlara cərimə yazmışlar. Hazırda restoranda iki manqal mövcuddur və işlək vəziyyətdə olan əvvəldən mövcud olandır. Bu barədə müvafiq foto şəkilləri də məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, idarə tərəfindən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Manqal” restoranında monitorinq aparılmış, monitorinq zamanı “Manqal” restoranın tüstü bacasında təmizləyici qurğu quraşdırılmamışdır. Buna görə də “Manqal” restoranının rəhbəri X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Həmçinin bildirmişdir ki, yoxlama zamanı yalnız çöl hissədə olan tüstü bacasında qar-toz tutucu tüstü bacasının olmaması yoxlanılmışdır. Restoranda digər hissəsində maqalın olması, orada müvafiq qurğunun olub-olmaması barədə tam məlumatlı deyil. Göstərilən halları nəzərə alaraq şikayətin təmin olunammasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Manqal” restoranın tüstü bacasında təmizləyici qurğunun olmadığı müəyyən edilmiş, bu səbəbdən də X3 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edirlmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Manqal” restoranında atmosfer havasına atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində saxlanılması məqsədilə qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Araşdırma müddətində “Manqal” restoranının sahibi yazılı izahat verərək qısa müddət ərzində manqalın tüstü bacasında təmizləyici qurğu quraşdırılacağını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Manqal” restoranı uzun illərdir ki, fəaliyyət göstərir. Qeyd edilən restoranda xx.xx.2024-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yoxlama keçirilmiş və restoranda çöl hissədə yeni quraşdırılmış manqalda qar, toz tutucu qurğunun olmaması müəyyən edilmişdir. Bu səbəbdən də həmin restoranını sahibi X3 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İXM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Lakin, araşdırma zamanı restoranda yeni quraşdırılmış manqal və tüstü bacasından öncə mövcud olan manqal və tüstü bacasında müvafiq qurğunun olub-olmaması, yoxlama zamanı faktiki olaraq hansı manqalın işlək vəziyyətdə olub-olmaması, yoxlanılan tüstü bacasından həmin vaxt atmosterə tüstü buraxılıb-buraxılmaması araşdırılmamışdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, “Manqal” restoranında yoxlanılan və şəkilləri çəkilərək materiallara əlavə edilmiş tüstü bacası yeni quraşdırılmışdır, restoran uzun müddətdir ki, fəaliyyət göstərir və orada daha öncədən də digər tüstü bacası olmuşdur. Araşdırma zamanı yeni quraşdırılmış tüstü bacasının yalnız kənardan şəkili çəkilsə də, fakitiki olaraq həmin vaxt fəaliyyət göstərib-göstərməməsi dəqiqləşdirilməmişdir. Göründüyü kimi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində araşdırma aparılarkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar