Məhkəmə qərarları › İş №3(060)-1755/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1755/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1755/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədıiiyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, Yardımlı rayonu, Daşkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 2/18, mənzil 86-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 20.00 radələrində Sumqayıt Şəhəri, 8-ci mkr ərazisində Rəvanə Mirzəzadəyə qarşı nalayiq ifadə işlətmiş və Bölmədə səs-küy salaraq iş rejimini pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi , polis mayoru X3 ifadə verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20.00 radələrində Sumqayıt Şəhəri, 8-ci mkr, ərazisində Rəvanə Mirzəzadəyə qarşı nalayiq ifadə işlətmiş, bununla əlaqədar Rəvanə Mirzəzadə ərizə ilə müarciət edərək dəfələrlə təhqir edildiyini, döyülüb söyüldüyünü bildirmişdir. Məsələnin araşdırılması üçün Şəxs Bölməyə dəvət edilmiş və sonuncu isə Bölmədə səsküy salaraq iş rejimini pozmuşdur. Buna görə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, o, Şəxs boşanmaq istəyir. Bu səbəbdən Tural onu söyür, hədə qorxu gəlir, təhqir edir. Hətta qaynı da onu telefonla mesaj yazaraq təhqir edib. Buna görə də ona belə ailənin lazım olmadığını Turala bildirib. Tural bu kim məsələlərə görə hər dəfə onu alçaldır, başını kəsəcəyi ilə hədələyir. Hətta bir dəfə onu itələyərək dodağını yaralayıb. O, Tural barəsində uzaqlaşdırma qərarının çıxarılmasını istəyir. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, zərərçəkmiş şəxslə rəsmi qaydada boşanmayıblar, hazırda bir evdə yaşayırlar. Uşağının saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimenti də ödəyir. Yoldaşı onun barəsində dəfərlərlə heç bir əsas olmadan Polisə şikayətlər vermişdir. Dünən yoldaşını evə gətirmiş, ona qarşı heç bir nalayiq söz işlətməmiş, onu döyməmişdir. Onu da qeyd edir ki, mübahisə zamanı evlərinə qonşu və ya başqa heç kim gəlməmişdir. Yoldaşı polisə zəng etmiş, polis əməkdaşları gəlib onu bölməyə aparmış, səhərə kimi bölmədə saxlamışdır. O bölmədə heç bir səs-küy salmamış, heç bir qaydanı pozmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmişin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda onun zərərçəkmiş şəxsi söyüb təhqir etməsi və polis bölməsinə səs-küy saldığı qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, ailə münaqişəsi zəminində tərəflər arasında baş verən hadisə ilə əlaqədar Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətlərinə yol verilməmişdir. Eyni zamanda inzibati xəta haqqında protokolda Şəxs bölmədə səs-küy salaraq iş rejimini pozduğu qeyd olunmuşdur. Lakin bu hal iş materiallarında olan və ya məhkəməyə təqdim edilən hər hansı sübutla (videogörüntü, şahid ifadələri və s.) öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Şəxs ictimai qaydanı pozmamış, şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxslə mübahisə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən ictimai qayda pozulmamış, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «...şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə...» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar