Məhkəmə qərarları › İş №3(060)-1756/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1756/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1756/2020 17.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Sumqayıt X4 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 3, ev 3-də yaşayan (xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt X4 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Çelik qapı” dükanından oğurluq etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt X4 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs – Sumqayıt X4 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Çelik qapı” dükanından oğurluq etmiş, zərərçəkmiş şəxsə 95 manat ziyan vurmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, faktda xırda oğurluğun, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş şəxsin müəyyən olunaraq barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul olunmuş qərar aidiyyəti üzrə verilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, mayoru X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir və faktda xırda oğurluğun, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş şəxsin müəyyən olunaraq barəsində inzibati tənbeh tədbirlərinin görülməsu üçün qəbul olunmuş qərar aidiyyəti üzrə verilmişdir. Oğurluğun Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Çelik qapı” dükanından 95 manat dəyərində “Samsung” markalı planşeti oğrulamışdır. Mağazaya pəncərədən daxil olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. İşə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə ona məxsus olan, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Çelik qapı” dükanından 95 manat dəyərində “Samsung” markalı planşet oğurlanmışdır. Ona dəyən zərər ödənildiyi üçün Şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, faktda xırda oğurluğun, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan hadisəni törətmiş şəxsin müəyyən olunaraq barəsində inzibati tənbeh tədbirlərinin görülməsu üçün qəbul olunmuş qərar aidiyyəti üzrə verilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar