Məhkəmə qərarları › İş №3(060)-1757/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1757/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1757/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 29.04.2021-ci il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 29.04.2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, 29.04.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, "Opel Astra" minik markalı 99ED427 dövlət qeydiyyat nişanlı avtomaşın onun mülkiyyətində olmaqla özü idarə edir. 29 aprel 2021-ci il tarixdə yol polis əməkdaşı onu saxlayaraq guya onun işıqforun qıırmızı işığında keçdiyini bildirmişdir. Halbu ki o, qırmızı işıqda keçməmişdir. Ona görə də ona İXM-nin 327.2-ci maddəsinə əsasən onu 60 manat məbləğində cərimələmişlər. Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman işıqforun qırmızı işığında dayanmış, hərəkətə icazə verən yaşıl işıq yanan zaman isə hərəkət etmək istəyərkən ondan qabaqda olan avtomaşın yaşıl işıq yanmasına baxmayaraq yol nəqliyyat istifadəçilərinin hərəkətini pozaraq hərəkətsiz qalmışdır. Belə olan halda o da hərəkətinə davam etmək üçün yaşıl işıq yandığı müddətdə həmin avtomaşının yanından keçmişdir. Biraz irəlidə yol polis əməkdaşı ondan qarşıdakı avtomaşının hərəkətsiz qaldığını görərək onun işıqforun qırmızı işığında hərəkət etdiyini zənn edərək barəsində cərimə tətbiq edəcəyini bildirmişdir. O buna etiraz edir. O qırmızı işıqda hərəkət etməmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı olduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati qərar çıxarılan şəxs X2 və inzibati xəta haqqında qərar vermiş şəxs gəlməmiş, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, 29.04.2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati xəta haqqında protokolda nəyin müəyyən olunduğu, harada və hansı xətanın törədildiyi barədə heç bir məlumat yoxdur. Qərarın hansı sübutlar əsasında qəbul edildiyi məlum deyildir, halbuki bu sübutlar protokolda qeyd edilməli idi. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin TP ******* saylı, 29.04.2021-ci il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXMnin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair TP ******* saylı, 29.04.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar