Məhkəmə qərarları › İş №3(060)-1759/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1759/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1759/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, Stansiya Sumqayıt 76 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1802/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1100 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1802/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1100 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Borclu sonuncu dəfə 2024-cü ilin yanvar ayında 400 manat ödəniş etmişdir. O, 7 aydır ki, borcundan heç bir ödəniş etmir. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilmir. Ayda 200-250 manat olmaqla ödəniş edə bilər. O, üç aya yaxındır taksi fəaliyyəti ilə məşğuldur. Gündəlik 20 manat məbləğində qazancı olur. Şəxs qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. X1 borcluya ödəniş üçün vaxt verilməsini istəyərək iş üzrə icraata xitam verilməsini məkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, borclu aliment borcunu ödəmir. Borcun tam ödənilməsini tələb edir. O, qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1802/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Şəxs xx.xx.2014-cü ildə anadan olmuş Rövşən adlı uşağın saxlanması üçün Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan və yaşayan uşağın anası X3 xeyrinə qət edilən hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməklə artırılmışdır. İş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədində göstərilən borcun könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilsə də, ötən müddət ərzində borclu tərəfindən icra sənədində göstərilən borcun ödənilməsi təmin olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, 3 (üç) ay işlədiyini bildirsə də borcun ödənilməsindən yayınmağa çalışmış, icra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq çox az məbləğdə ödəniş etdiyini, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir (66.2). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (66.3). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar