Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1764/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, Corat ŞTQ, məhəllə 71, ev 3 ünvanında olan hüquqi şəxs Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 23 iyul 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və ptorotokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tətrib edilmiş protokolla bağlı öz etirazını və ona əlavə edilmiş sənədləri məhkəmənin dəftərxansına təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 23 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar Protokol tərtib edilmişdir. Həmin Protokolda qeyd olunmuşdur ki, Şəxs ASC tərəfindən 30000.00 ABŞ Dolları məbləğində vəsait xx.xx.2022-ci il tarixində xaricə köçürülmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabından 12839.26 ABŞ Dolları məbləğində vəsait hesabına alman malları ölkəyə idxal edilməmiş və həmin vəsait geri qaytarılmamışdır. Bununla bağlı bildirirlər ki, Türkiyənin “ÇUHADAROĞLU METAL SANAYİ VE PAZARLAMA A.Ş” ilə Şəxs ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 saylı müqavilə üzrə Şəxs ASC tərəfindən "xxxx" ASC vasitəsilə 30000.00 ABŞ Dolları məbləğində vəsait “ÇUHADAROĞLU METAL SANAYİ VE PAZARLAMA A.Ş”-a köçürülmüşdür. Həmin köçürmələr üzrə 30000.00 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar Azərbaycan Respublikasına tam həcmdə idxal olunmuşdur, bu fakt **********8948, **********3750 və **********2547 sorğu nömrəli gömrük bəyannamələri ilə tam təsdiq olunur. Lakin, köçürülmüş vəsait hesabına idxal olunmuş mallara dair yuxarıda qeyd olunmuş **********2547 sorğu nömrəli gömrük bəyannaməsi ilə bağlı məlumatlar "xxxx" ASC tərəfindən müvafiq qaydada qeydə alınmamışdır. Bununla bağlı Şəxs ASC "xxxx" ASC-yə rəsmi müraciət edərək, Şəxs ASC ilə Türkiyənin “ÇUHADAROĞLU METAL SANAYİ VE PAZARLAMA A.Ş” arasında bağlanmış 2 nömrəli xx.xx.2021 -ci il tarixli müqavilə əsasında Türkiyənin “ÇUHADAROĞLU METAL SANAYİ VE PAZARLAMA A.Ş” şirkətinə köçürülmüş 30000.00 ABŞ Dolları məbləğində pul vəsaitinin 12839.26 ABŞ dolları məbləğində vəsait hesabına idxal olunan mallara dair məlumatların qeydə alınmamasının səbəbi barədə arayış verməsini xahiş etmişdir. Sorğuya cavab olaraq göndərilmiş 6 avqust 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, 21.06. 2022-ci il tarixində avans olaraq köçürülmüş 30000.00 ABŞ dolları vəsait qarşılığında tərəfimizdən təqdim edilmiş **********2547 saylı gömrük bəyannaməsi çatdırılma şərti 120 kodla rəsmiləşdirildiyi üçün portalda qeydiyyatı aparılması mümkün olmamamışdır. Yəni, idxal olunan mallara dair gömrük bəyannaməsi olsa da texniki səhvlərə görə qeydiyyat aparılması mümkün olmamışdır. Qeyd etdikləri rəsmi sənədlərlə - Gömrük bəyannamələri, bank tərəfindən verilən arayış və digər sənədlərlə tam təsdiq olunur ki, 2 saylı 21.06. 2022-ci il tarixli müqavilə üzrə Şəxs ASC tərəfindən köçürülmüş vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına tam həcmdə idxal olunmuşdur. Köçürülmə üzrə sifariş verilmiş mallar tam həcmdə ölkəyə gətirildiyi halda, yuxarıda qeyd etdiyimiz texniki səhvlərə görə qeydə alınmamışdır. Bu inkar edilməz faktlar təsdiq edir ki, yuxarıda qeyd olunan müqavilə üzrə bütün mallar ölkəyə idxal edilmişdir. Buna baxmayaraq, Şəxs ASC barəsində əsassız olaraq inzibati xəta protokolu tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs ASC barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC 30.000,00 ABŞ dolları məbləğində vəsaiti 22 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12.839,26 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 iyun 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir - iş materiallarında olan "xxxx" ASC tərəfindən Şəxs ASC-yə ünvanlanmış 06 avqust 2024-cü il tarixli 1782 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində avans olaraq köçürülmüş 30000.00 ABŞ dolları vəsait qarşılığında təqdim edilmiş **********2547 saylı gömrük bəyannaməsinin çatdırılma şərti 120 kodla rəsmiləşdirildiyi üçün portalda qeydiyyatı aparılması mümkün olmamamışdır. Beləliklə müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən 22 iyun 2022-ci il tarixdə xaricə “Çuhadaroğlu Metal Sanayi Ve Pazarlama A.Ş” şirkətinin hesabına köçürülmüş vəsaitlərə görə alınan mallar xx.xx.2022-ci il tarixli **********2547 saylı gömük bəyannaməsinə əsasən ölkəyə idxal edilmişdir. Lakin, bəyannamənin çatdırılma şərti 120 kodla rəsmiləşdirildiyi üçün bank portalında həmin bəyannamə əsasında idxal edilmiş malların qeydiyyatının aparılması mümkün olmamışdır. Bu faktı "xxxx" ASC 06 avqust 2024-cü il tarixli 1782 nömrəli məktubu ilə də təsdiq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1764/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1764/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver