Məhkəmə qərarları › İş №3(060)-1765/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1765/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1765/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin direktoru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə EP ******* nömrəli 11 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək səhmlərinə sahib olduğu "xxxx" ASC tərəfindən ona dividendlərin ödənilməməsi və səhmdarların ümumi yığıncağına dəvət olunmadığını bildirmişdir. "xxxx" ASC-nin Mərkəzi Banka ünvanlanmış məktublarından müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli səhmdarların ümumi yığıncağına dəvət edilməmiş və ona bu barədə yazılı bildiriş göndərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 107-1.4-cü maddəsinə müvafiq olaraq səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Beləliklə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti səhmdar Zərərçəkmiş şəxs qanunvericiliyin qeyd edilən norması üzrə hüquqlarını pozmuşdur. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2025-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən barəsində icraat aparılan hüquqi şəxsin direktoru X4 bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktorudur. Hal-hazırda həmin müəssisə faktiki olaraq işləyir və onu icarəyə vermişlər. Hər il səhmdarlar çağırılmış və yığıncaqlar keçirilmişdir. 29 may 2025-ci ildə Gülhava xanımdan xahiş etmişdir ki, Nəsib Məmmədova səhmdarların yığıncağında iştirak etməsiylə bağlı mesaj yazsın, cavab olmadığı halda isə zəng etsin. Nəsib isə ona mesaj yazaraq yığıncağa gələ bilməyəcəyini bildirmişdir. Beləliklə, dəfələrlə Nəsib Məmmədova zəng edib yığıncağa çağırsalar da, sonuncu iclasda iştirak etməyib. Mediada yığıncağın vaxtı yeri barədə məlumat yerləşdirilməyib. Belə ki, Nəsib daha sonra zənglərə cavab vermiş və onları təhqir etmişdir. O, uzun müddətdir ki, müəssisənin sənədlərini düzəltməyə çalışırlar və Mərkəzi Bankdan Reyestri bu gün səhər, yəni xx.xx.2025-ci ildə ala bilmişlər. Həmçinin bildirmişdir ki, Mərkəzi Bank indiyə qədər onları cərimə etməyib. X13 sənəd lazım idisə, istədiyi təqdirdə ona təqdim edəcəkdi. Bildirmişdir ki, Nəsib Məmmədovun etibarnaməsi yoxdur və özünü Zərərçəkmiş şəxs nümayəndəsi kimi onlara təqdim etməyib və Gülhava Osmanovanı təhqir edib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X6 bildirmişdir ki, Zərərçəkmiş şəxs və 1997-ci ildən bəri digər səhmdar İsmayılov Bəşirin nümayəndəsi olub. Bildirmişdir ki, səhmdar Zərərçəkmiş şəxs Mülki Məcəllədə nəzərdə tutulan hüquqları pozulmuşdur. O, ASC tərəfindən heç bir yığıncağa çağırılmayıb və ona bununla bağlı məktub və ya bildiriş göndərilməmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulub ki, 45 gün ərzində müəssisənin İdarə Heyəti tərəfindən səhmdarlara məktub göndərilməli idi. Bildirmişdir ki, indiyə qədər ASC-in nizamnaməsi, hesabatları, protokolları və digər materiallarını tələb etsə də, ona heç bir sənəd verilməyib. Buna görə də Mərkəzi Banka müraciət edib və ona bildiriblər ki, bunun üçün ASC-ə məktub yazmalıdır. Mayın 17-də sənədlərlə tanış olmaq üçün həmin ünvana getmiş, lakin digər səhmdarlar və direktor mübahisə yaratmışdır. Eyni zamanda bildirmişdir ki, nizamnaməyə görə təftiş komissiyası və direktor 3 ildən bir dəyişilməli idi, həmçinin qeyd etmişdir ki, Reyestr 15 il əvvəlki qaydada və sayda olan şəxslərdən ibarət tərkibdə tərtib olunub. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirir ki, xx.xx.2025-ci ildə iclasda iştirak edib və məqsədi sadəcə iclaslarda iştirak etmək və müəssisənin sənədləriylə tanış olmaq idi. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 50 faizə yaxın səhmi var və icarədardır. Həmçinin, yığıncaqlar keçirilərkən katib funksiyasını daşıyıb. Bildirmişdir ki, onlara Emin adlı şəxs müraciət etməyib. Belə ki, aprel ayının əvvəli, yəni səhmdarların ümumi yığıncağına 1 ay yarım qalmış iclasda iştirak etməli olan bütün səhmdarlara bildiriş göndərilir və iştirakları təmin edilir, lakin mediada məlumat yerləşdirilmir. 17 may 2025-ci ildə səhmdarlarla görüş baş tutdu və 12 nəfər səhmdar olduğunu bilirdi. Sənədlərdə gecikmə oldu və bu gün səhər, yəni xx.xx.2025-ci ildə Reyestri ala bilmiş və orada 13 nəfər səhmdarın olduğunu görmüşdür, beləliklə, 13-cü səhmdardan xəbəri olmamışdır. Daha sonra mayın 17-i Nəsib Məmmədov yığıncağa gəlmiş və etibarnamə, nizamnamə və digər sənədləri onlardan tələb etmiş və onları təhqir edərək yarımçıq iclasdan çıxmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxsin səhmdarların çıxarışında adı var, lakin Nəsib Məmmədovun yoxdur. Eyni zamanda bildirmişdir ki, Zərərçəkmiş şəxs mart ayından səhmdar olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin Səhmdarlarının ümumi yığıncağının protokolundan görünür ki, yığıncaqda 12 nəfər səhmdardan 7 nəfər iştirak etmişdir. Nəsib bəy iclas tam yekunlaşmamış, iclası tərk etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrindən görünür ki, Zərərçəkmiş şəxs da 13 nəfər səhmdardan biridir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, X4 ilə X7 arasında 10 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan 11 iyul 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək səhmlərinə sahib olduğu "xxxx" ASC tərəfindən ona dividendlərin ödənilməməsi və səhmdarların ümumi yığıncağına dəvət olunmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xidməti məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixinə çağırılmış səhmdarların ümumi yığıcağı ilə əlaqədar Zərərçəkmiş şəxs yazılı bildiriş göndərilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X2 məktubundan görünür ki, MB-ın sorğusuna cavab olaraq Zərərçəkmiş şəxs onlara müraciət etməmiş, Nəsib Məmmədovun ona zəng edərək Bəşir İsmayılov adlı səhmdarın səhmini aldığını bildirmiş, lakin onun ünvanına bildiriş göndərmək üçün ünvanını qeyd etməmişdir. Eyni zamanda bildirmişdir ki, Emin və Nəsib Məmmədov adlı səhmdarların varlığından xəbəri olmayıb və Reyestrin ünvanında səhvə yol verildiyi üçün sənədlər gecikir, lakin düzələcəyinə söz verir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 6-1-26/2-7810/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra- Mərkəzi Bank) vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli 6-1/1-M-68xx-xx/2025 saylı müraciət daxil olmuşdur. Bununla əlaqədar olaraq vətəndaşın müraciətində qeyd edilən məsələn araşdırılması və nəticəsi barədə məlumatı, zəruri sənədlər (səhmdar Zərərçəkmiş şəxs dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa ona hesablanmış dividendlər məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd), bundan əlavə 2024-ci ilin nəticələri üzrə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncağa səhmdar Zərərçəkmiş şəxs dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş) əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka təqdim etməyi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs Mərkəzi Banka ünvanladığı ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin tələbləri və Cəmiyyətin Nizamnaməsi ilə bizə verilən hüquqlar pozulub. AR MM-nin 107-ci maddəsi tələb edir ki, Səhmdarın tələbi ilə Nizamnaməsinin, Səhmdarın ümumi yığıncağının protokollarının surəti, səhmdarların 2025-ci il üçün reyestrinin surəti ona təqdim edilməlidir. Lakin rəsmi müraciət etməyimə baxmayaraq cəmiyyətin Nizamnaməsi, səhmdarların 2025-ci il üçün Reyestri və 2023-cü, 2024-cü və 2025-ci ildə keçirilən yığıncaqların protokolunun surəti , 2019-cu, 2020-ci, 2021-ci , 2022-ci, 2023-cü və 2024-cü illər üçün Hesabatlar, Vergi Bəyannaməsi, İcarə müqavilələrinin surəti bu günə kimi mənə təqdim edlmir, Dividend ödənilmir. Bundan əlavə cəmiyyət rəhbərliyi illik ümumi yığıncaqlara məni çağırmır, Auditor Rəyi keçirtmir, Hesabatı dərc etdirmir, aidiyyatı qurumlara vaxtı vaxtında təqdim etmir. Rəsmi müraciət etməyimə baxmayaraq bu günə qədər bu sadaladığım sənədlər mənə təqdim edilmir. Azərbaycan Respublikasi Mülki Məcəllənin və Cəmiyyətin Nizamnaməsi ilə təsbit edilən hüquqlarımız bu cəmiyyətlərin rəhbəri tərəfindən pozulub. Xahiş edirik, "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasi Mülki Məcəllənin və Cəmiyyətin Nizamnaməsini tələblərinə hörmətlə yanaşmağı onlara tövsiyə edəsiniz. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Məmmədov Nəsib tərəfindən "xxxx" ASC-ə məktub göndərilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahatlarında Zərərçəkmiş şəxs adlı səhmdardan məlumatlı olmaması və reyestr məlmatlarını xx.xx.2025-ci il tarixində əldə etmələrini bildirməsi hüquqi şəxsin məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.4. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Qanunun müvafiq maddəsindən göründüyü kimi “ümumi yığıncaqdan 45 gün əvvəl media vasitəsi ilə məlumat verilməsi” imperativ norma olmaqla, hüquqi şəxsin vəzifəsidir. İş materiallarından və tərəflərin izahatları, şahid ifadələrilə də təsdiqini tapır ki, "xxxx" ASC tərəfindən media vasitəsi ilə ümumi yığıncağın vaxtı və yeri barədə 45 gün əvvəl media vasitəsi ilə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesabedilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 426-cı maddəsinə əsasən, səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə "xxxx" ASC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 3000 (üç min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar