Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1767/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun etibarnamə üzrə nümayəndəsi X1, Protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X10 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1-ci maddəsi ilə MN ******* seriya №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, aparılan monitorinq zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında yerləşən Karbamid zavodunun istehsalat sahəsindən atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən norma həddindən artıq olmuşdur. Məhkəmə iclasında protokolu tərtib edən 4 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-nin işçisi Fərid Qədimov tərəfindən İdarənin qaynar xəttinə Karbamid zavodundan yayılan ammonyakın işçiləri narahat etməsi ilə bağlı müraciət daxil olmuşdur. Bundan sonra müxtəlif vaxtlarda ərazidə ETSN-nin XKEMİ-nin əməkdaşları tərəfindən aparılan monitorinq-ölçmə işləri zamanı atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən norma həddindən artıq olması müəyyən olunmuşdur. Buna görə də Karbamid zavodu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Karbamid zavodunun etibarnamə üzrə nümayəndəsinin izahatına etiraz edərək bildirmişdir ki, insan həyat və sağlamlığı üçün təhlükəli hallar olduqda Reyestrdən kənar yoxlama işləri aparıla bilər. Həyata keçirilən monitorinq yoxlama işlərinin hansı şəraitdə və ərazidə aparılmasının və istifadə olunan çəkiliş aparatının çıxarışıyla bağlı məsələnin Xəzər Kompleksinin nümayəndələrinin iştirakını təmin edərək cavablandıırlması mümkündür. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, monitorinq-ölçmə işləri Karbamid zavodunun yaxınlığında aparılmışdır. Qeyd olunanları nəzərə alaraq adı çəkilən müəssisə barəsində İXM-nin 233-cü maddəsinə uyğun olaraq protokol tərtib edilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahatında bildirdi ki, Karbamid zavodu barəsində tərtib olunan inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid Reyestrdə qeydiyyata alınmalı olduğu halda alınmamışdır. Bu norma “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsində qeyd olunmuşdur. Yoxlamanı həyata keçirən şəxslərin vəzifəsi özünü təqdim etməklə bərabər Reyestrdən qeydiyyatdan keçməklə bağlı məlumat verməli olduğa halda özlərini təqdim etməmiş və reyestr məlumatını müəssisənin işçilərinə verməmişlər. Eyni zamanda bildirmişdir ki, protokolda nöqsanlar var. Yoxlama aktı 2 səhifədən ibarət olsa da, orada yoxlamanı aparan işçilərin imzaları qeyd olunmamışdır. Həmçinin, monitoriq-ölçmə işləri 4 dəfə-05 iyun 2025-ci il, 11 iyun 2025-ci il, 25 iyun 2025-ci il, 02 iyul 2025-ci il tarixlərində keçirilsə də, hər biri haqda ayrı-ayrılıqda akt tərtib olunmalı halda, yalnız bir akt tərtib olunmuşdur. 01 iyul 2025-ci ildə işçi əmək məzuniyyətinə getsə də, onun barəsində 02 iyul 2025-ci il tarixində akt tərtib olunmuşdur. Həmçinin, yoxlamanı həyata keçirən şəxslərin çəkdiyi şəkillərin hansı şəraitdə və ərazidə çəkdikləri məlum deyil. Bundan başqa ölçmə aparatlarının markaları, çıxarışları və seriya nömrələri qeyd olunmamışdır. Nümayəndə əlavə olaraq bildirmişdir ki, Karbamid zavodu 2011-ci ildən Kimya sənaye parkının rezidentidir, 2019-cu ildən isə aktiv fəaliyyət göstərir və aparılmış monitorinqölçmə işlərinin nəticəsində həmin zavodun atmosferə zərərli maddə yaydığını müəyyən etmək mümkün deyil. Çünki yaxın ərazidə başqa müəssisələr də fəaliyyət göstərir və həmin ərazi küləkli olduğundan coğrafi mövqe baxımından məhz Karbamid zavodunun atmosferə zərərli maddə yaydığı nəticəsinə gəlmək düzgün deyil. Karbamid zavodunun beynəlxalq sertifkatları var beynəlxalq banklar qarşısında öhdəlik daşıyır. Atmosferə normadan artıq zərərli maddənin atılması, zavodun ixracatına mənfi təsir göstərə bilər. Məhkəmə iclası zamanı nümayəndənin adekvat sübutlar təqdim etmədiyini və ölçmə işləri ilə bağlı dəqiq məlumat vermədikləri üçün “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid zavodubarəsində tərtib olunan inzibati xəta haqqında protokolun ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirmişdir ki, ETSN-nin Xəzər Kompleks İdarəsində ətraf-mühitin mühafizəsi mərkəzinin sektor direktoru vəzifəsində işləyir. Karbamid zavodu barəsində Sumqayıt şəhər sakinlərinin, ətrafda olan digər müəssisələrin də çoxsaylı şikayətləri olmuşdur. Belə ki, "xxxx" şirkətinin şöbə müdirinin şikayəti əsasında Karbamid zavodunda monitorinq-ölçmə işləri aparılmışdır. Şikayətin mahiyyəti sözügedən zavodun atmosferə ammonyak yayması və işçilərin sağlamlığına zərər vurması olmuşdur. Belə ki, ölçmə işləri gecə-gündüz olmaqla müxtəlif vaxtlarda aparılıb. Ölçmənin nəticəsində ammonyak və dəm qazının yüksək olması müəyyən edilmişdir. Beləliklə, vətəndaşlar haqlı narazılıqlarını bildirmişlər. Ümumilikdə, həmin zavodda 4 dəfə ölçmə işləri aparılmış və nəticəsi sonda aktlaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, Karbamid zavodunda mühəndis vəzifəsində çalışır. Barəsində 02 iyul tarixində akt tərtib olunanda işdə olmadığı üçün orada iştirak etməyib. Sonradan yoxlamanı aparan şəxslərə müraciət edərək monitorinqin yenidən aparılmasını istədiyini bildirsə də, bundan imtina etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən hüquqi şəxsin işçisi X11 bildirmişdir ki, monitorinq-ölçmələrdə iştirak etməyib. Sonradan yoxlamanı aparan şəxslərə müraciət edərək nümayəndənin, yəni onlardan birinin iştirakı ilə monitorinqin yenidən aparılmasını istədiyini bildirsə də, bundan imtina etmişlər. Xəbəri olmadan yoxlamanı aparan şəxslər tərəfindən ərazi ilə birlikdə şəkilləri çəkilib. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “İnzibati xəta haqqında” MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, aparılan monitorinq zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında yerləşən Karbamid zavodunun istehsalat sahəsindən atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən norma həddindən artıq olduğuna görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodu barəsində İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, işçi X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixə qədər əmək məzuniyyəti verilmişdir. xx.xx.2025-ci il tarixli SOCAR-ın direktorundan ETSN-in 4 X10 və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlanmış məktubdan görünür ki, araşdırmanın tam, obyektiv və dəqiq aparılması məqsədilə təkrar monitorinqin keçirilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli Karbamid zavodunun sağlamlıq, əməyin təhlükəsizliyi, ətrafmühit və keyfiyyətə nəzarət şöbəsinin böyük mühəndisi X11 tərəfindən yazılmış izahatdan görünür ki, 05 iyun 2025-ci il, 11 iyun 2025-ci il, 25 iyun 2025-ci il, 02 iyul 2025-ci il tarixlərində ölçmə işlərinin aparılması qeyd olunsa da, həmin ölçmələr zamanı onlara məlumat verilməmiş və zavodun heç bir əməkdaşı bu prosesdə iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli X4 tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2025-ci il tarixində təqribi saat 16:00-da iş vaxtı bitən zaman Ekologiya və Təbii Sərvətlər nazirliyinin bir sıra əməkdaşları Zavodun girişi istiqamətində toplaşmışdılar. İş yoldaşlanmızla birlikdə gəliş səbəblərini öyrənmək istədikdə bunun şikayət əsasında olduğunu bildirdilər. Qonşu müəssisələrin birindən Zavodumuzdan ammonyak qazının sızması ilə bağlı məlumat daxil olmasını qeyd etdilər. Mən də öz növbəmdə belə bir halın mümkünsüz olduğunu bildirdim və mobil telefonumda bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq əməkdaşlarının bu məsələ ilə bağlı monitorinq aparmasını və bu barədə olan aktı onlara gösterdim. Qeyd edim ki, FHN əməkdaşları ilə birlikdə mənim də iştirakımla onların ölçü cihazları vasitəsilə istehsalat sahələrinə daxil olmaqla yoxlama aparılmış və hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. Bu əsnada Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşlarından biri özümü təqdim etməyimi xahiş etdi və mən də təqdim etdim. Daha sonra aramızda olan dialoq bitdi, iş vaxtı bitdiyi üçün biz iş yerini tərk etdik, nazirlik əməkdaşları da həmçinin oradan ayrıldılar. Qeyd etmək yerinə düşər ki, nazirlik əməkdaşları ammonyak qazının aşkar edilməsi üçün ölçü cihazı gətirməmişdilər. Bir neçə gün sonra Zavoda nazirlik tərəfindən mənim iştirakım və xəbərim olmadan adım və soyadım qeyd edilmiş akt göndərildi. Qeyri-peşəkar şəkildə tərtib edilmiş aktda həqiqətə uyğun olmayan şəkildə akta imza etməkdən imtina etməyim yazılmışdı. Halbuki bu proseslərdən xəbərsiz olmuşam. Qeyri-peşəkarlığın davamı olaraq xx.xx.2025-ci il tarixində daha bir akt tərtib edilmiş və yenə imza atmaqdan imtina etməyim qeyd edilmişdir. Lakin nazirliyin iddia etdiyi kimi guya mənim də iştirak etdiyim xx.xx.2025-ci il tarixində olan monitorinq və akt tərtib edilməsi zamanı əslində mən məzuniyyətdə idim və Naxçıvan MR-da olmuşam (Təyyarə biletləri mövcuddur). Onların iddiasının nə dərəcədə səhv olması aydın görünür. 4 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun kənarında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun ətraf ərazilərində atmosfer havasınada BTQ-DR-850 və ANKAT 64 m3 səyyar, qaranalizator cihazları vasitəsilə ölçmə aparılmış və nəticəsində CO (dəm qazı) – 23 mq/kub metr (norma – 5.0 mq/kub metr), NH3 (ammonyak)-0,248 mq/m3 (norma 0,2 mq/m3) müəyyən olunmuşdur. 4 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun ətraf ərazilərində atmosfer havasınada BTQ-DR-850 və ANKAT 64 m3 səyyar, qaranalizator cihazları vasitəsilə ölçmə aparılmış və nəticəsində CO (dəm qazı) – 23 mq/kub metr (norma – 5.0 mq/kub metr), NH3 (ammonyak)-0,248 mq/m3 (norma 0,2 mq/m3) müəyyən olunmuşdur. Qeyd: Mirsadiq Seyidov monitorinqdə iştirak etsə də, aktı imzalamaqdan imtina etdi. İXM-nin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiallarını araşdırıb, protokol tərtib etmiş 4 X10 və Təbii Sərvətlər İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materialına əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, adı çəkilən MMC barəsində İXM-nin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə, o cümlədən təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifdə edildiyi üçün xitam verilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 4 X10 və Təbii Sərvətlər İdarəsi qeyd olunan hallarla bağlı əsaslı araşdırma aparmadan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun təqsirli olması qənaətinə gəlmək üçün sübutları tam və qanunauyğun toplamadan, formal mülahizərə əsaslanmaqla inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərə istinad etməklə qəbul edir. Azərbaycan Respublikasının Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 2.1-ci maddəsinə əsasən Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun müddəasındən aydın olur ki, qanunun tətbiq dairəsi məhz sahibarlıq fəaliyyətini həyata keçirən subyektin ərazisinə daxil olmaqla aparılan yoxlamalarına deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaları əhatə edir. Həmin norma dar mənadə təfsir edilməklə sahibkarlıq subyektinin əleyhinə tətbiq edilə bilməz. Həmin Qanun 3.2-ci maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bundan başqa məhkəmə iclası zamanı ətraflı, tam və obyektiv araşdırmanın aparılması təmin edilsə də, xx.xx.2025-ci il tarixli aktda ölçmənin nəticəsi olaraq qeyd edilmiş CO-23 mq/m3, 0,248 mq/m3 göstəricilərinin mənbəyini, nəyə əsaslanması qeyrimüəyyən qalmışdır. Məhkəmə iclasında təqdim edilmiş, gecə saatlarında Monitorinq Mərkəzinin əməkdaşı tərəfindən aparılan ölçmədə CO 20 mq/m3 göstəricisinin və zavodun fotoşəkilləri çəkilmiş, zavodun fotoşəkli ilə xüsusi texniki vasitənin göstəricinin eyni vaxta və eyni əraziyə aid olmasını əks etdirən əlaqələndirici fotoşəkil, bundan başqa həmin şəkillərin ümumiyyətlə hansı tarixdə çəkilməsi, yoxlama aparılarkən hüquqi şəxsin nümayəndəsinin iştirakının təmin edilib-edilməməsi, ölçmə aparılan xüsusi texniki vasitənin tip və seriya nömrəsi də qeyri-müəyyən olmuşdur. Hüquqi şəxsin nümyəndəsi tərəfindən etiraz edilən digər xüsusatlar, yeni aktın tərtib olunması forması, aktın iştirakından imtina edən hüquqi şəxsin işçisinin həmin vaxt əmək məzuniyyətində olması və bu barədə iş materiallarına əlavə edilmiş sənədlər, həmin aktın qanuniliyinə əsaslı şübhələr yaradır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodunun əməlində İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi sübuta yetirilmədiyinə, o cümlədən təqsirliliyinn sübuta yetirilməsinə qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Karbamid Zavodu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1767/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1767/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver