Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-177/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriya nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-85/16 saylı, xx.xx.2016-cı il icra sənədinə əsasən borclu Şəxs qalıq 4440.21 ABŞ dolları məbləğində borcunu üzrsüz səbəbdən ödəməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Sənan Qasımlı izahatında bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin həmin icra sənədinə əsasən borclular Əli Qasımov, Şəxs, Ədalət İsmayılovdan cəmi 8135.28 ABŞ dolları borc alınaraq “Nikoyl Bank” İKB-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi xx.xx.2017-ci il tarixdə İdarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. Lakin borclu öhdəsində olan borcunu ödəməmiş, könüllü müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi üçün barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icraa tədbirləri nəticəsində borclunun hər hansı yerdə işləməsi, tələbin yönəldiləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Daha sonra borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş, məhkəmənin qərarı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin borcluya dəfələrlə çağırış göndərilməsinə baxmayaraq idarəyə gəlməmiş, onun barəsində “Borclunun axtarılması haqqında” qərar qəbul olunaraq icra olunması üçün müvafiq orqana göndərilmişdir. Polis əməkdaşları xx.xx.2025-ci il tarixdə onu saxlayaraq idarəyə təhvil vermiş, izahatı alınmağa çalışılsa da, Şəxs əvvəl izahat verməyəcəyini bildirmiş, daha sonra savadının olmadığı və yazı yaza bilmədiyini bəhanə edərək izahat verməkdən imtina etmişdir. Qeyd edir ki, əldə etdiyi məlumata əsasən borclu qeydiyyatda olduğu ünvanda yaşamamışdır. Bundan əlavə borclu 8 il ərzində 1 dəfə belə idarəyə gəlməmiş, 8135.28 ABŞ dolları borcdan, hazırda 4440.21 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Bildirir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borcluya tələbin könüllü icrası barədə bildirişi və qərarı yalnız bu gün verməyə cəhd etsə də, bu mümkün olmamışdır. Ötən dövr ərzində qeyd edilən icra sənədi ilə bağlı borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və qərar təqdim edilməmişdir. Protokolu müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, icra idarəsinin çağırışlarına vaxtlı vaxtında gəlmişdir. Özünü tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə təqsirli bilmir. Qeyd edir ki, dünənki tarixdə işdə olduğu vaxt polis sahə rəisi onun yaşadığı ünvana gələrək axtarışda olduğunu ailə üzvlərinə bildirmişdir. Bu səbəbdən özü İcra İdarəsinə gəlmişdir. Barəsində protokol tərtib edilməsinə əsas olmuş icra sənədindən məlumatı olmamışdır. Onun yalnız "xxxx" ASC-yə olan borcu barədə olan icra sənədindən məlumatı olmuş, axtarışa verilmə səbəbinin bu işlə bağlı olmasını güman etmişdir. Lakin İcra İdarəsinə gəldikdən sonra ona 2017-ci ildən "xxxx" İKB ASC-yə borcu olması barədə ona məlumat verilmişdir. Qeyd edir ki, icra vərəqəsində göstərilən ünvanda daimi qeydiyyatda olmaqla yaşamasına baxmayaraq onun yaşadığı həmin ünvana indiyədək tələbin könüllü icrası barədə bildiriş və qərar gəlməmiş və ya ona təqdim edilməmişdir. Bildirir ki, ailənin yeganə gəlir mənbəyi özüdür. Qeyd olunanların nəzərə alınmasını və icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında "xxxx" ASC(əvvəlki adı "xxxx" İKB)-nin etibarnamə üzrə nümayəndəsi Əhsən Pənahov bildirmişdir ki, sözügedən borcdan cəmi 3697 ABŞ dolları ödəniş olmuşdur. Odur ki, protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında mövcud olan və məhkəmə icclasında tədqiq edilən sənədlərdən görünür ki: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-85/16 saylı, xx.xx.2016-cı il icra sənədinə əsasən borclular Əli Qasımovdan, Şəxs, Ədalət İsmayılovdan 8135.28 ABŞ dolları borc alınaraq “Nikoyl Bank” İKB-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi əsasında qəbul edilmiş icraata başlamaq haqqında qərardan və könüllü icra barədə bildirişdən görünür ki, tələbin icra edilməsi üçün borcluya 10 gün könüllü icra müddəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-293/2022, xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. “Borclunun axtarılması barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra məmuru borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığını əsas gətirərək barəsində axtarış elan edilməsi üçün həmin qərarı icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-131/2023, xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkar bankın etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, borclu Şəxs barəsində İcra İdarəsində aparılan icraatdan xəbəri olmamış, yaşayış yeri məlum olduğu halda ona qeyd edilən icra sənədi əsasında başlanılmış icraat barədə məlumat verilməmiş, yəni tələbin könüllü icrası barədə bildiriş və qərar tədqim edilməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda inzibati xəta hadisəsi baş verməmişdir və Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta hadisəsinin baş vermə faktının müəyyən edilməsi xüsusi önəm daşımaqla və bu halın müəyyən olunması zəruridir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarı və tələbin 10 gün müddətinə könüllü icrası barədə bildiriş ya borcluya təqdim edilməmiş və ya bu bərədə sənəd məhkəməyə təqdim edilməmişdir. Bu faktı həm icra məmuru, o cümlədən borclu öz izahatlarında bir daha təsdiq etmişlər. Göründüyü kimi icra məmuru “İcra haqqında” Qanunun tələblərinə riayət etmədən, tələbin 10 gün müddətində könüllü icrası üçün müddət müəyyən etməsinə baxmayaraq həmin müddətin ötməsini gözləmədən əsassız və qanunsuz olaraq İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib etmiş, baxılması üçün məhkəməyə təqdim etmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir Göründüyü kimi icra məmuru qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməli və yalnız bu müddətlər ötdükdən sonra borclu barəsində qanunamüvafiq icra tədbirlərinin həyata keçirilməsinə başlamalı və bu tədbirlər borcun ödənilməsi üçün kifayət etmədikdə qanunamüvafiq olaraq daha sərt inzibati tədbirlər həyata keçirməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Sənan Qasımlının ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda əlavə etməmiş, o cümlədən “İcra haqqında” qanunun tələblərinə riayət etməmişdir. İXM-nin 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Şəxs o halda inzibati məsuliyyətə cəlb edilə bilərdi ki, qanunla müəyyən edilmiş qayadada tələbin 10 gün müddətinə könüllü icrası üçün müddət keçmiş olsun və bundan sonra borclu borc tələbini üzrsüz səbəbdən icra etməməklə inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli qəsdən etmiş olmuş olardı. Lakin indiki halda borcluya bildirişin verilməsi öz təsdiqini tapmamış, bildirişin inzibati xəta haqında prtokolun tərtib edilməsindən 1 gün öncə verildiyi müəyyən edilmiş, nəticədə tələbin 10 gün müddətində könüllü icrası üçün müddət keçməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Əhmədov barəsində İXMnin 528.1-ci maddəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəninin baş verməməsi əsası ilə xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-177/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-177/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver