Məhkəmə qərarları › İş №3(060)-1771/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1771/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1771/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katib: X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru: X3, Zərərçəkmiş hüquqi şəxs (icra sənədi üzrə tələbkar): “X9 Sanayi, Turizm və Organizasyon Anonim Şirkəti”-nin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra sənədi üzrə borclu): Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4827/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qərəzli olaraq məhkəmə qərarını icra etməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4827/2016 saylı, xx.xx.2016cı il tarixli icra sənədinə əsasən Şəxs 13677 ABŞ dollarının ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq və 30 manat dövlət rüsumu tutulub “X9 Sanayi, Turizm və Organizasyon Anonim Şirkəti”nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, borclu Şəxs xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində izahat vermiş və izahatında üzərində olan borcun ödənilməsi üçün imkanının olmadığını bildirmişdir. Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Eyni zamanda borclu Şəxs müxtəlif vaxtlarda icra idarəsində izahatlar alınmış, sonuncu izahatında da üzərində olan 13677 ABŞ dolları borcu ödəməyə imkanı olmadığını bildirmiş, eyni zamanda işsiz olduğunu və heç bir rəsmi və qeyri-rəsmi iş yeri olmadığını bildirmişdir. Borclu üzərində olan borcu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolu müdafiə edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, vaxt verilərsə ilkin ödənişi edib qalan məbləği də aylara bölərək ödəyə bilər. Başqa banklara borcu olmuş, kirayə yaşamış, buna görə də ödəniş edə bilməmişdir. Hazırda 1500 manat ödəyə bilər. Məhkəmədən ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil borclu tərəfindən qeyd olunan halları nəzərə alaraq protokolun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi (eyni zamanda icra sənədi üzrə tələbkar) X8 bildirdi ki, dəfələrlə ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət etmişlər. Borclu hər dəfə ödəniş edəcəyini bildirsə də borcu ödəməmişdir. 9 ildir ki, borclunun ödəniş etməsi üçün hər addımı atmışlar, lakin xeyri olmamışdır. Məhkəmədən borclu barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4827/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 13677 ABŞ dollarının ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ekvivalenti məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq “X9 Sanayi, Turizm və Organizasyon Anonim Şirkəti”-nə ödənilməlidir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədinin lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar