Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1772/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Sumqayıt Şəhər DYPŞ-nin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər DYPŞ-nin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx ) manat cərimə olunmuşdur. Belə ki, qərara əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "X7" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə ) törətdiyi və törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Barəsində heç bir qanuni əsası olmayan inzibati protokol tərtib edilmiş, heç bir əsaslandırma və qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X7” AR Qanunun tələblərini pozmaqla cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Qeyd olunan ərazidə intensiv təmir tikinti işləri getməklə Saray körpüsü yenidən qurulmaqdadır. Hadisənin videogörüntüsü var, onun heç bir manevr qaydasını pozmadığı öz yolu ilə sərbəst hərəkət etdiyi açıq-aydın görsənməkdədir. Digər avtomobilin isə qadağanedici xəttin tələblərini pozaraq onun avtomobilinə toxunması da mübahisəsiz haldır. Qeyd olunanlara əsasən qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, hadisə baş verən zaman heç bir manevr qaydasını pozmamışdır. Lakin İXM-in 327.1-ci maddəsiylə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 40 manat cərimə olunmuşdur. Belə ki, həmin yol iki zolaqlı idi və o, 1-ci zolaqla hərəkətdə olan zaman onun solundan VAZ 2104 markalı avtomobil qoşa xətti tapdalayaraq yanından ötmə manevri etmiş və onun avtomobilinin sol arxa qanad və arxa buferini zədələmişdir. VAZ 2104 markalı avtomobilin onun avtomobilini sol tərəfdən zədələməyinin səbəbi isə VİTA markalı avtomobilin VAZ 2104 markalı avtomobili sıxışdırmağı olmuşdur. Qeyd edilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı X4 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və hadisə yerinin videogörüntüsünü araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il saat 14:06 radələrində “KİA RİO MİNİK” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sumqayıt şəhəri, M. Əsədov küçəsi ərazisində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarına riayət etməmişdir. Ona görə də X3 nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 14:06-da “KİA RİO MİNİK” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, **-EE- *** dövlət qeydiyyat nişanlı avtomobil Bəhmən Tağıyevin avtomobilinin sol tərəfindən ötmə əməliyyatı həyata keçirib və sonuncunu avtomobilinin sol yan arxa tərəfi ilə toqquşmuşdur. Bundan başqa sxemdə 2 istiqamətli, hər istiqamət üzrə 2 zolağın olması, hadisə baş verən istiqamətdə 4 nəqliyyat vasitəsinin olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Bəhmən Tağıyev etibarnamə ilə idarə etdiyi Kia Rio markalı **-BJ-*** nömrəli maşınla xx.xx.2025-ci il tarixdə, saat 14:06 radələrində Sumqayıt şəhəri, M. Əsədov küçəsi ilə hərəkətdə olarkən ikinci zolaqla hərəkət etdiyi zaman sol tərəfdən VAZ 2104 markalı **-EE-*** nömrəli maşın qoşa xətti keçərək sol tərəfdən onun maşınına ötmə əməliyyatı keçirmək istərdi. Bu zaman onun maşınının sol tərəf arxa kreslo və arxa bufer əzildi. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarına əlavə edilmiş videogörüntüdən məlum olur ki, X8 Şöbəsi əməkdaşı tərəfindən tərtib olunmuş yol-nəqliyyat hadisəsi sxemi ilə eynilik təşkil edir. Həmin görüntüdə müəyyən edilir ki, ən sol zolaqla hərəkət edən qara rəngli avtomobil “Vaz 2104” markalı avtomobilə maneə yaratması səbəbindən şikayətçinin “Kia” markalı avtomobili ilə toqquşur. Müəyyən edilmişdir ki, “KİA RİO MİNİK” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı qeydə alınmış inzibati xəta hadisəsinə görə X3 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilsə də, iş materiallarına əlavə edilmiş videogörüntüdə onun təqsirli olması öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin müvafiq bəndləri Bəhmən Tağıyevnin təqsirsizliyini sübut edir. Həmin maddənin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin 10-cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Qanunun müvafiq müddəaları ilə qeydə alınmış videogörüntü əlaqəli şəkildə qiymətləndirildikdə məlum olur ki, şikayətçinin idarə etdiyi “Kia” markalı avtomobil “Vaz 2104” markalı avtomobildən öndə hərəkətdədir. Şikayətçi B.Tağıyev “Kia” markalı avtomobillə hərəkətdə olarkən sağ və sol istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələri ilə kifayət qədər məsafə saxlayır və manevri təhlükəsiz edir. “Vaz 2104” markalı avtomobil isə, avtomobili dayandırmaq iqtidarında olmasına baxmayaraq solundan onu ötən nəqliyyat vasitəsi ilə (qara rəngli “Mersedes” markalı avtomobil) toqquşmamamaq üçün sağa manevr nəticəsində “Kia” markalı avtomobilin sol arxa qapı və sol arxa qanad hissəsi ilə toqquşur. Videogörüntüyə diqqətlə nəzər yetirdikdə aydın olur ki, məhz toqquşma “Vaz 2104” markalı avtomobilinin sağa manevrinin nəticəsində baş verir. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, şikayətçi B.Tağıyevin idarə etdiyi “Kia” markalı avtomobilin “Vaz 2104” markalı avtomobildən öndə olması, sağ tərəflə hərəkət etməsi, toqquşma yerinin məhz “Kia” markalı avtomobilinin sol arxa və sol arxa qanad hissələrinin olması inzibati məsuliyyətə cəlb edilmiş X1 təqsirsizliyini sübut edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər DYPŞ-nin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Sumqayıt Şəhər DYPŞ-nin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Bu qərar Sumqayıt Şəhər DYPŞ-nin polis kapitanı X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1772/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1772/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver