Məhkəmə qərarları › İş №3(060)-1776/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1776/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1776/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru polis baş serjantı X7 tərəfindən xx.xx.2025-ci il tarixli, TP7344454 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan və tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP7344454 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 11:20 radələrində etibarnamə əsasında idarə etdiyi X5 minik markalı, ** TU *** Dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 4-cü mikrorayon 17/23 ərazidə avtomobil yolunda hərəkətdə olarkən yol polisi əməkdaşının saxla əmrinə tabe olaraq maşını yolun sağına çəkmişdir. Sonradan adını və vəzifəsini bildiyi yol patrul inspektoru Elvin Yusifov yaxınlaşdıqda ondan onu nə üçün saxladığını soruşmuş, inspektor ona işıqforun qadağanedici yəni qırmızı işığında keçdiyini bildirmişdir. O, isə polis əməkdaşına işıqforun hərəkətedici yaşıl işığının hələ son 04 saniyəsində keçdiyini, hətta yaşıl işığı heç siqnalverici yanıb sönmə saniyəsinin aktivləşmədiyi halda keçdiyini, habelə ərazidə 70 metr arxa və təxminən 150 matr irəlidə MMX radar sistemlərinin quraşdırıldığını əgər qırmızı işıqda keçmiş olsa müvafiq qaydada kamera tərəfindən qeydə alınmalı olduğunu bildirmişdir. Lakin onu bəhanəylə saxlatmış polis nəfəri ona bu dəfə sarı işıqda keçdiyini bildirdi. Bu dəfə isə ona əgər bu dediyin hal doğru olsaydı qarşı tərəfdən sağa dönmə əməliyyatını gözləyən maşınların onu, onun arxasınca hərəkətdə olan digər bir maşını gözləməməli olduqlarını, yaxud əks istiqamətdə hərəkətdə olan və işıqforun yaşıl işığının yanmasını gözləyən maşınların nə üçün 4, 5 saniyə sonra hərəkət etdiklərini soruşduqda isə inspektor ona qeyri-peşəkar tərzdə onları görmədiyini, yalnız onun ya qırmızı ya sarı işıqda hərəkəti dayandırmadığını görmüşdür. Onun barəsində inzibati xəta haqqında protokol xx.xx.2025ci il tarixdə tərtib olunsa da qərar 15 iyul 2025-ci il tarixdə sistemə işlənmiş və tərəfindən 15 iyul 2025-ci il tarixdə polisin dəftərxanasından rəsmi qaydada alınmışdır. Qeyd etdikləri əsasında bildirir ki, barəsində tərtib olunan inzibati xəta haqqında protokol, habelə TP734454 nömrəli qərar aşkar surətdə qərəzli və əsassızdır. Belə ki, qırmızı işıqda keçmədiyi halda barəsində cərimə tətbiq edilmişdir. Qeyri-peşəkar, səriştəsiz polis əməkdaşının heç bir sübutla təsdiq edilməyən, aşkar şəkildə səlahiyyətdən istifadə nəticəsində tərtib etdiyi protokol əsasında heç bir səbəb olmadan cərimə olunmuşdur. Yol hərəkəti qaydaları beynəlxalq təcrübədə eyni qaydada tətbiq olunan maddi hüquq normaları sistemidir. Hazırkı halda o, işıqforun qadağan etmədiyi, yol hərəkəti qaydalarının imkan verdiyi qaydada hərəkətdə olduğu halda, qeyd etdiyi kimi sadaladığı hallardan xəbərsiz polis patrulunun səhlənkar və məsuliyyətsiz davranışı nəticəsində hərəkət hüququnun məhdudlaşdırılmış, habelə ona cərimə hesablanmışdır. İnzibati xəta haqqında protokolda, yaxud qərarda qeyd olunan halları təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Polis patrulunun şəxsi mülahizəsinə, yaxud sair marağına uyğun şəkildə vətəndaşın barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi, ona inzibati tənbeh tətbiq edilməsi qanunvericiliklə yolverilməz olduğu kimi ədalət və qanunçuluq kimi təməl prinsiplərin zədələnməsinə səbəbdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru polis baş serjantı X7 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi arqumentləri və bu səpkidə məhkəmə iclasında verdiyi izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X3 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzibolunmaz və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru polis baş serjantı X7 tərəfindən xx.xx.2025-ci il tarixli, TP7344454 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar