Məhkəmə qərarları › İş №3(060)-1778/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1778/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1778/2025 09.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan X4 Tahir oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 Tahir oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Dadaşov Rauf Tahir oğlunun şikayəti təmin edilməmişdir. Qeyd edilən qərardan Dadaşov Rauf Tahir oğlu tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Dadaşov Rauf Tahir oğlunun şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. İlk öncə onu qeyd edir ki, barəsində inzibati tənbeh vermə haqqında Qərarın qəbul edilməsi kobud qanun pozuntuları ilə müşayiət olunmuşdur. Belə ki, Qərar iştirakı olmadan qəbul edilmişdir. Halbuki, protokoldan narazı olduğu üçün əlavə araşdırma olmasını xahiş etmişdir. Bu isə o deməkdir ki, hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. AR İXM-nin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qərar qəbul edillərkən yol verilmiş digər kobud qanun pozuntusu isə protokolun baxılması müddəti ilə bağlı olmuşdur. Belə ki, barəsində protokol xx.xx.2025-ci il tarixdə tərtib edilsə də Qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Halbuki, AR İXM-nin 111.1-ci bəndinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmədən, işə baxarkən, tərəfindən AR İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi təsdiq edən hər hansı bir sübutun olmadığını nəzərə alınmasını xahiş edir. Belə ki, inzibati xətanın aşkarlanmasında istifadə olunan xüsusi texniki vasitənin sertifikatının olub olmaması barədə heç bir məlumat yoxdur. Eyni zamanda Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, AR İXM-nirı 127-1.3-cü maddəsinin tələbi baxımından inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunması göstərilsə də, elektron qərar və xüsusi texniki vasitələrin göstəricisi ona təqdim edilməmişdir .Bütün bunlar açıq-aşkar sübut edir ki, onun əməlində heç bir inzibati xəta tərkibi mövcud deyil. Artıq yük müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilmiş xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında müəyyən olunmalıdır. İdarə etdiyi nəqliyyat vasitəsində artıq yükün olub-olmaması isə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilmiş xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında müəyyən olunmamışdır. Qanunvericiliyin bu tələbini YPX əməkdaşına dəfələrlə bildirsə də onu yol qırağnda qeyrirəsmi quraşdırılmış bir tərəziyə apararaq orda yükü çəkdirmişdi. Ona təqdim olunan və guya artıq yükün olmasını təsdiq edən sənəddə nə tərəzi, nə tərəzinin kimə məxsus olması, nə tərəzinin operatoru nə də tərəzinin sonuncu dəfə metroloji yoxlamadan keçməsi barədə heç bir məlumat əksini tapmamışdır. DYP əməkdaşının ona mötəbər sübut kimi təqdim etdiyi Tərəzi kağızı - bu adi bir kağız parçasıdır ki, istənilən şəxs onu kompyuterdə əl ilə tərtib edib çap edə bilər. Qeyd etdiyi fakt AR İXM-nin 127-1-ci maddəsinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı həmçinin AR DİN Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat’-ın 5.1-ci bəndinin də tələbinin kobud surətdə pozulması deməkdir. Orda qeyd olunur ki, Metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Növbəti kobud qanun pozuntusu ondan ibarətdir ki, AR DİN Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”-ın 4.7-ci bəndinin tələbinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Təlimatın 6.9cu bəndinə əsasən Patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Yəni, YPX inspektoru Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsini avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində apara bilmirsə xidmətin aparılması yolverilməzdir. Xidmət apara bilməyən şəxs tərəfindən isə inzibati xətanı məyyən edib də sənədləşdirməsini aparmaq yolverilməzdir. Yuxarıda qeyd olunanlardan açıq-aşkar görünür ki, idarə etdiyim nəqliyyat vasitəsində artıq yükün olması faktını təsdiq edən sübutlar qeyri-qanuni yolla əldə edilmiş və mötəbər olmayan sübutlardır. Həmçinin də bu qeyri-qanuni yolla əldə edilmiş və mötəbər olmayan sübutlar xidmət aparmağa icazəsi olmayan YPX inspektoru tərəfindən əldə edilmişdir. Barəsində İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəməyə qərardan şikayət vermiş şəxs Dadaşov Rauf Tahir oğlu müraciət edərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs və qərardan şikayət vermiş şəxs Dadaşov Rauf Tahir oğlu məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Dadaşov Rauf Tahir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz 1840 LS Yük markalı, 90TB328 qeydiyyat nişanlı avtomobil üçün icazə verilən maksimal kütlə 18000 kq, yüksüz kütlə 8135 kq-dır. Lakin inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs tərəfindən qeyd olunan nəqliyyat vasitəsi üçün üzərində olan yüklə birlikdə icazə verilən maksimal kütlənin nə qədər olması, bunu nə ilə əsaslandırılması qeyri-müəyyəndir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş zəruri sübutların təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: - 3.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazəni almaq üçün həmin nəqliyyat vasitələrinin sahibləri (istifadəçiləri) tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sənədlər təqdim olunmaqla icazə alınmalıdır. - 4.1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. - 4.2. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. - 4.4. Bu Qaydanın pozulması hallarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən pozuntuya yol vermiş hüquqi və ya fiziki şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməklə, tədbirlər görülür. - 4.7. Xüsusi icazə olmadan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə görə və ya bu Qaydanın digər tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. - 127-1.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 353.2-ci maddəsinə əsasən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.” - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, Dadaşov Rauf Tahir oğlu barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur.Ona görə də Dadaşov Rauf Tahir oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dadaşov Rauf Tahir oğlunun şikayəti qismən təmin edilsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar