Məhkəmə qərarları › İş №3(060)-178/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-178/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-178/2023 18.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Zərərçəkmiş şəxs – X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1959-cu ildə Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində X4 döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən mətbəx avadanlıqları marketini işlədir. Orada özünə məxsus mətbəx avadanlıqlarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarxdə bir nəfər tanımadığı şəxs satılan mallara yaxınlaşıb orada qozsındıranı götürərək qiymətini soruşmuş, o, ona həmin qozsındıranların 02 (iki) manat, 03 (üç) manat, 04 (dörd) manat və sonda 08 (səkkiz) manat olduğunu söyləmiş, bundan sonra həmin şəxs təkrar ona yaxınlaşaraq 08 (səkkiz) manatın onun üçün niyə baha olduğunu söylədiyinə görə onunla mübahisə etməyə başlamış, ona qarşı nalayiq ifadələr işlətmiş, onu yumruqla vurmuş, o isə qarşılıq verərək onu vurmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində mətbəx avadanlıqları satan marketin sahibi olan şəxsdən 01 (bir) ədəd qozsındıranın qiymətini soruşduğunu, ona çox baha olduğunu, bunu almağa imkanının çatmayacağını söylədiyini, satıcıya həkim olduğunu, cərrah olduğunu, TİBB Universitetində müəllim olduğunu və almağa gücü çatacağını söylədiyi zaman Ü.Tağıyev hər iki yumruqları ilə onun sifətinə zərbələr endirmişdir. Hər iki əlində sellofan torbaları olduğundan ona maneə ola bilmədiyini, buna imkanının da olmadığını, onu nalayiq ifadələrlə söydüyünü bildirdi. O isə əlindəki torbaları üzünə tutub özünü qorumağa çalışmış və onu vurmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1777 saylı ekspertiza rəyindən müəyyən olunur: X3 bədəni üzərində sağ almacıq-gözaltı nahiyyənin qançırı, sol almacıq nahiyyənin sıyrığı xəsarəti vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan A/1853 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində müayinə zamanı Şəxs orta dərəcə sərxoşluq müəyyən edilmişdir. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar