Məhkəmə qərarları › İş №3(060)-1781/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1781/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1781/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1955-ci ildə Kürdəmir rayonu, Qocalı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Vəzifəli şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində 24 iyun 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqinda protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlardan görünür ki, 24 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, Z.Hacıyev küçəsi, ev 20-nin yanında yerləşən Niyyət marketdə planlı yanğın texniki müayinə zamanı müayinə keçirməyə şərait yaradılmamışdır. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Obyektin sahibi (sahibkarlıq subyekti) vəzifəli şəxs Şəxsdur (VÖEN: **********) . Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, məhkəməyə göndərilmiş materiala Şəxs planlı (növbəli) yoxlama barədə bildiriş əlavə edilməmiş, eyni zamanda həmin bildirişin ona çatdırılması barədə hər hansı təsdiqedici məlumat əlavə edilməmişdir. Azerpoct MMC-nin xx.xx.2022-ci il tarixdə məktubun göndərilməsinə dair qəbz əlavə olunmuş və bir gün sonra Şəxs barəsində iştirakı olmadan inzibati protokol tərtib olunmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları pozulmuşdur. Məhkəmə hesab edir ki, qanun pozuntusu ilə inzibati icraat aparıldığından, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Şəxs planlı (növbəli) yoxlama barədə bildiriş çatdırılmasına dair sübut olmadığından, yalnız maraqlı şəxslərin tərtib akta görə qeyd olunur ki obyekt sahibi ilə mobil telefonla (mobil nömrə qeyd olunmayıb) əlaqə saxlanılmasına baxmayaraq, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədləri onlara təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları rəsmi qaydada sahibkarı xəbardar etmələrinə dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə görə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs sözügedən inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən və onun həqiqətən inzibati xətanı törətməsinə dair Məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxsin təqsirli bilinməsinə dair məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəzifəli şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar