Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1782/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 16 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 08.00 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs və X4 ucadan nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin polis sahə rəisi Rəhim Piriyev izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 08.00 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs və X4 ucadan nalayiq söyüşlərlə söyüb təhqir etmişdir və beləliklə, ictimai qaydanı kobud surətdə pozmuşdur. Yuxarıda qeyd etdiklərinin nəzərə alaraq məhkəmədən inzibati həbs növündə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, evi olmadığı üçün bacısı Kərimova Naxışın evində müvəqqəti yaşayır. 16 iyul tarixində bacısı və bacısının qızıyla münaqişəsi olmuşdur. Həmin münaqişəyə səbəb bacısının evində pişik saxlaması olmuşdur. O, bacısına bununla bağlı etirazını bildirdikdə bacısı ona qarşı nalayiq ifadələr işlətmiş, buna görə də qarşılığında o da bacısına həmin ifadələri işlətmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs şikayətçidir. Hadisə baş verən zaman o, səhər saatlarında işə getmək üçün hazırlaşırdı. Belə ki, dayısı Hilal onun evindəki yeni doğulmuş pişiyi divara çırpmışdır. Bu da onun narazılığına səbəb olduğu üçün aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Hilal ona qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxtdan bəri Hilalla arasında barışıq olmamışdır. Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, qardaşı Kərimov Hilal hadisə zamanı sərxoş vəziyyətdə olmuş və aralarında mübahisə olduğu üçün ona qarşı nalayiq ifadələr işlətmişdir. Hal-hazırda Hilalla aralarında barışıq olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs həbs olunmamasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən X1 Hilal və Kərimova Naxışın barışdıqlarını nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs məhkəməyədək və məhkəmə iclası zamanı təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. Şəxs təqsiri zərərçəkmiş şəxslərin izahatları ilə, digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlaması rədd edilmişdir. İş mateiallarında olan xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan məlum olur ki, Zərərçəkmiş şəxs dayısı Şəxs tərəfindən söyülməsi və hədələnməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati tənbeh görülməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli A/1558 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə görə Şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Kərimova Naxış və Zərərçəkmiş şəxs izahatlarından məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoş vəziyyətdə Kərimova Naxışın yaşadığı evə gəlmiş, o və Zərərçəkmiş şəxs ilə mübahisə yaradaraq nalayiq ifadələr işlətmiş, münaqişə zamanı Hilal evdəki əşyaları dağıtmağa başlamış və sonda mətbəx bıçağını götürən zaman onu onun əlindən almışlar. Buna görə də qızı Zərərçəkmiş şəxs DİN-in “102” Xidmətinə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs etdiyi əməldən peşmandır və bir daha bu cür əməllərə yol verməyəcəyinə dair söz vermişdir. Eyni zamanda o, münaqişə zamanı bıçaq götürmədiyini və heç kimi hədələmədiyini, sadəcə sərxoş olduğu üçün mübahisə edib onları söydüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan videomaterialdan görünür ki, Şəxs nalayiq ifadələr işlədir, küçə söyüşləri söyür, azyaşlı uşaq və digər şəxslər həmin hərəkətlərin şahidi olur. Həmçinin evin qarşısında olanda da həmin münaqişə davam edir. Beləliklə, Şəxs əməli xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1782/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1782/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver