Məhkəmə qərarları › İş №3(060)-1783/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1783/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1783/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs: Şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Siyəzən rayonu, Beşdam Ərazi Dairəsi, Beşdam kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı 225543 №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025 tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 5-ci PB-nin inzibati binasında Zərərçəkmiş şəxs təhqir edərək və iş rejimini pozaraq xırda xuliqanlıq etmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, vət.Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində X2 və ailə üzvlərinin ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 17 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində X2 və ailə üzvlərinin ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı istintaq şöbəsinin qərarı vardır və həmin qərar əsasında tərəfindən protokol tərtib edilmişdir. Bundan başqa xx.xx.2025 tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 5-ci PB-nin inzibati binasında Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək polisin iş rejimini pozmuşdur. Dekabrda baş vermiş hadisədə kameranı sındırması ilə bağlı videogörüntü və istintaq zamanı şahid ifadələri vardır. Şəxs bir dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cərimə olunmuşdur. Məhkəmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, dekabr ayında baş vermiş hadisədə İXM-nin 157-ci maddəsi ilə zərərçəkmiş şəxs odur, o döyülmüş, söyülmüşdür. Həmçinin həmin hadisə ilə bağlı CM-nin 128-ci maddəsi ilə cinayət işi də vardır ki, orada zərərçəkmiş şəxs də anası Naxış Kərimovadır. İXM-nin 510-cu maddəsini yalandan çıxarmışlar. Dekabr ayında elə bir hadisə baş verməmişdir. O, kameranı sındırmamış, heç kəsi söyməmişdir. xx.xx.2025-ci il tarixdə baş vermiş hadisə ilə bağlı bildirdi ki, o, söyüş söyməmiş, ictimai qaydanı pozmamışdır. Telefonunda sübut kimi videosu vardır, lakin polislər tərəfindən telefonu alınmış və video silinmişdir. Onun bu əməli törətməsi barədə heç bir sübut yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 5-ci Polis Bölməsi tərəfindən çağırılmış, İlhamə, anası və uşaqlar orada olmuş, içəri girən kimi ona qarğış etməyə başlamışlar. Məhkəmədən Şəxs həbs edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, İlhamə onları görən kimi qarğışlar edir, söyüşlər söyür və sonra özü DİN-nin 102 xidmətinə zəng edərək bildirir ki, guya onlar onu söymüşlər. Məhkəmədən Şəxs həbs edilməsini xahiş edir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxslərin ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Yusif Süleymanov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyun 2025-ci il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs və Naxış Kərimova əməllərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə, Şəxs əməlində 232-1ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilmişdir. Həmin qərardan görünür ki, toplanmış materiala əsasən Şəxs və Naxış Kərimova xx.xx.2024-cü il tarixdə Fəxrədin Hilalbəylinin Sumqayıt şəhəri, ST Sumqayıt ərazisində yerləşən evinin qarşısına gələrək ucadan həmin şəxsin və ailə üzvlərinin ünvanına nalayiq sözləri işlədərək ictimai qaydanı pozmaqla yanaşı, DVD diskdə müşahidə olunan görüntülərə əsasən Şəxs əlində olan taxta parçası ilə sonuncunun müşahidə kameralarını sındıraraq əmlakı qəsdən məhv etməklə yarasız hala salmışdır. xx.xx.2024-cü il tarixli “videogörüntülər və fotoşəkillər olan diskə baxılması barədə” protokoldan görünür ki, diskdə olan video görüntü 3 hissəlidir və 12 ədəd fotoşəkil vardır. Həmin video görüntülər ümumilikdə 5 dəqiqə 25 saniyədən ibarətdir, Təqdim olunmuş birinci video 1 dəqiqə 15 saniyədən ibraətdir. Həmin video görüntülərə baxandan sonra aydın olur ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində 2 nəfər şəxs vət. X1 yaşadığı evin qarşısına gələrək şəxslərdən biri əlində olan taxta dəyənəklə evin daş hasarına quraşdırılmış nəzarət-müşahidə kamerasını qıraraq yarasız hala salır. Təqdim olunmuş 2ci video 40 saniyədən ibarətdir. Həmin video görüntüyə baxış keçirilən zaman həmin şəxslərin evin hasarma quraşdırılan digər nəzarət-müşahidə kamerasına yaxınlaşaraq taxta dəyənəklə kameraya zərbələr yetirir və müşahidə kamerasını qırıb yarasız hala salır. Təqdim olunmuş 3-cü video 3 dəqiqə 30 saniyədən ibarətdir. Həmin video görüntü ikinci 40 saniyəlik video görüntünün hərəkət sürətinin yavalaşdırılmış halıdır. Həmin yavaşladılmış video görüntüyə baxış keçirilən zaman vət. X3 nəzarət-müşahidə kameralarını qıran şəxslərin onun qonşuları Şəxs və X6 olduğunu müəyyən etmişdir. Təqdim edilmiş fotoşəkillərdə isə həmin şəxslərin dəyənəklə kameralara vurması anı və həmin şəxslərdən birinin üz nahiyyəsi əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. - 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qasımova Vüsalə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar