Məhkəmə qərarları › İş №3(060)-1784/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1784/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1784/2023 25.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2002-ci ildə Yardımlı rayonu, Alçabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonu, Sırıq Ərazi Dairəsi, Alçabulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Ləman” restoranında səsküy salmış, söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X2 bildirdi ki, qeyd olunan məsələ ilə bağlı raport daxil olmuş, raport əsasında protokol tərtib edilmiş, izahatlar alınmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Ləman” restoranında səsküy salmış, söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Hadisə zamanı etrafdan insanlar olsa da, şahid qismində işə cəlb olmamışlar, öz ifadələri sübut kimi qəbul olunmuşdur. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin tarixdə işdən çıxdıqdan sonra dostu ilə birlikdə “Ləman” restoranında oturmuşlar. Hesab gözlədiklərindən artıq olduğu üçün ofisiant ilə aralarında mübahisə yaranmış, buna görə ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları yaxınlaşan zaman heç bir tabesizlik göstərməmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xətanı törətmiş şəxsin əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması özünün ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 iyul 2023-cü il tarixdə saat 22:20-də inzibati qaydada tutulmuş, 25 iyul 2023-cü il tarixdə saat 16:50-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar