Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1786/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri ST.Sumqayıt qəsəbəsi ərazisində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində X1 400 manat dəyərində müşahidə kamerasını qəsdən sındırmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il saat 18:00 radələrində yaşadığı ünvanda olan zaman qonşusu Əfqanın evindən onların yaşadığı evə daş atılmağa başlanılmış, atılan daşlardan biri onun çiyninə dəymişdir. Həmin vaxt o, həyətində hündür yerə çıxmış və Əfqanın həyətdə olduğunu görmüşdür. Daha sonra o, Dəmir yol polisinə gedib qayıdan zaman işıq transformatorunun yanındakı zibil qutularının qarşısı tərəfdə saat 20:00 radələrində qonşusu Fəxrəddinlə qarşılaşmış bu zaman Fəxrəddin onu təhqir etməyə başlamış və üzərinə doğru gələrək yerdə olan taxta parçasını götürərək onun dizinə vurduqdan sonra dərhal oradan qaçmışdır. Bundan əlavə, Fəxrəddin və oğlu Əfqanın kameraları özlərinin sındırmaları barədə onda videoçəkilişdə mövcuddur və eyni zamanda şahidləri də vardır. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, oğlu Əfqana məxsus evdə olan zaman evdəki kameralara qoşulmuş manitordan baxan zaman qonşuları Şəxs anası Kərimova Naxışla birlikdə çöl qapısının qarşısına gələrək evin hasarına quraşdırılmış kameraları əlindəki taxta ilə qırmağa başladığını görmüş və qorxusundan qapıdan çölə çıxıb onları dayandıra bilməmişdir. Daha sonra ard-arda çöl qapıya möhkəm vuraraq onları evdən çıxmağa, çıxmadıqları halda evi başlarına yıxacağını qapını qıraraq içəri daxil olub əlindəki taxta ilə onları öldürəcəyi ilə hədələyərək ünvanlarına uca səsli söyüş təhqir ifadələri işlətməyə başlamışlar. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmədə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 bildirdi ki, məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdə göründüyü kimi sübutlar tam deyil, fakt təsdiqini tapmır. Birinci görüntüdə zərərçəkmişin oğlanları kameraya müdaxilə olnması görsənir, ikinci görüntüdə əgər Şəxsdirsə o, ancaq əlində döşəmə taxtası olub, sındırma halı öz əksini tapmır. Bu səbəbdən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə şahid X7 bildirdi ki, Fəxrəddinin yaşadığı evin kamerasını oğlanları Əli və Əfqan tərəfindən sındırılıb. Həmin anın şahidi olmuş və video qeydiyyata almışlar. Məhkəmədə şahid X10 bildirdi ki, xx.xx.2024-cü il tarixdə bacısı İlhamə ilə birlikdə Fəxrəddinin yaşadığı evin qarşısından keçəndə sonuncunun oğlanları Əli və Əfqanın kameranı sındırdığının şahidi olmuşlar. Bacısından səbəbini soruşduqda, İlhamə cavabında kameraları sındırıb onun üstünə atacağını bildirmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saat 19:35 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus evin qarşısında səs-küy olduğunu eşidib oraya doğru gedən zaman Şəxs və anası X5 Əfqana məxsus evin qarşısında uca səslə söyüş söyərək əllərindəki taxta ilə hasarı quraşdırılmış kameranı vurub qırdıqdan sonra çöl qapını yenidən taxta ilə vuraraq evə basqın edəcəklərini bildirərək uca səslə söyüşlər söyüb onları da qorxudaraq həyəcana salmışlar, onlardan qorxduqları üçün yaxına getməmişlər və oradan uzaqlaşmışlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2333/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, iş üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs və Naxış Kərimova barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə, Şəxs barəsində 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş diskə baxış keçirilmiş və diskdə olan videogörüntüdə Şəxs əlində olan döşəmə taxtası ilə kameranı sındırması və həmin vaxt anası Naxış Kərimovanında arxadası dayanması videoda öz əksini tapmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun təqsirli olması işin halları ilə yanaşı iş materiallarına əlavə edilmiş videogörüntüdəndə öz təsdiqini tapır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki iş üzrə vurulmuş zərərin qiyməti protokolda qeyd edildiyi kimi 400 manat kimi qəbul edilməlidir. İndiki halda isə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə İXM-in 232-1-ci maddəsi ilə olan işə baxılır və sonradan dəymiş zərər məsələsi hazırki işin predmeti deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə az miqdar dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 3 saata görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş 400 (dörd yüz) manat ziyanın bir misli miqdarında, yəni 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1786/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1786/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver