Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1797/2025 18.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Mənzil Kommunal Təsərrüfat Birliyində ərazi nəzarətçisi işləyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 13 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 18 iyul 2025-ci il tarixli, müvafiq olaraq MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə,14 saylı yataqxananın dəhlizində və qarşısında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Həmçinin, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində izahatı alınması məqsədilə Polis Bölməsinə dəvət olunan zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-1797/2025-002 saylı qərardadı ilə Şəxs İXM-nin 510 və 535-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 1798/2025 və 3(060)-1797/2025 №-li işlər bir icraatda 3(060)-1797/2025 nömrəsində birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X8 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxananın dəhlizində və qarşısında nalayiq ifadələr işlədərək xuliqanlıq hərəkətləri etmişdir. Həmçinin, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində izahatı alınması məqsədilə Polis Bölməsinə dəvət olunan zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən X9 ərizəylə Polis Bölməsinə müraciət etmişdir. Göstərilən halları nəzərə alaraq inziməhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünün təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2025-ci ildə baş vermiş hadisə saat 13:00 radələrində yox, 10:03-də baş vermişdir. Polis əməkdaşları tərtib olunmuş protokollarla bağlı ona heç bir məlumat verməmişdir. Belə ki, o, ərazi nəzarətçisi vəzifəsində çalışır, hadisə baş verən zaman işə gedirmiş, 19-cu binanın qarşısında polis əməkdaşları onu saxlayaraq Polis Bölməsinə aparmaq istəyəndə o nə üçün aparıldığını soruşmuş, lakin cavab ala bilmədiyi üçün məcburi polis maşınına mindirilərək aparılmışdır. xx.xx.2025-ci il tarixində isə axşam saatlarında qızıyla gəzməkdən gəlirmiş, O, həmin vaxt heç kəsi təhqir etməmışdır. 3 ildir ki, həmin ünvanda yaşayır və həmin vaxtdan bəri 5 dəfə qonşuları tərəfindən kamerası sındırılmışdır. Qonşuları onun qapısını təpiklə vurur. Əlavə olaraq bildirmişdir ki, qonşuları onu təhqir edir və döyür. Qeyd olunanları nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 izahatında bildirmişdir ki, Şəxs onu divar boyası oğurlamaqda ittiham edir. Hadisə dəhlizdə baş vermişdir. Həmin gün axşam Şəxs qızı ilə hardansa gəlirdi. Qızı ilə birlikdə “oğrudur bu, emulsiya oğrusudur” deyib qışqırmağa başlamışlar. Bundan sonra o huşunu itirmişdir. Əlavə olaraq bildirmişdir ki, Aytəkin onu mütəmadi təhqir edir, lakin hadisə baş verdiyi gün nalayiq ifadələr işlətməmişdir. Ona əlqol atmamışdır. Aytəkin hər dəfə dəhlizdən keçərkən ona atmacalar atır. Eyni zamanda Aytəkin onun həyat yoldaşının iş yerinə gedərək dəfələrlə onu narahat etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini, inzibati tənbeh növündə cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hadisə xx.xx.2025-ci il saat 10:00 radələrində baş vermişdir. Həmin vaxt o, evində olmuşdur, səs-küy eşitdiyi zaman dəhlizə çıxmış, qonşusu Dürdanənin huşunu itirdiyini görmüşdür. Belə ki, Aytəkin və qızı Dürdanəni həmin gün təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, hadisə zamanı evində olmuş, səs-küy səbəbindən çölə çıxmışdır. Dürdanə həmin vaxt ağlamış və daha sonra huşunu itirmişdir. Həmin gün Aytəkinin ona oğru deməsinin və nalayiq ifadələr işlətməsinin şahid olmamışdır. Lakin bundan əvvəllər də həmişə Aytəkin qonşularının yanından keçərkən qonşuları təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında bildirmişdir ki, hadisə baş verən zaman axşam saatlarə idi və qonşularl birlikdə gəzməyə çıxmışdılar. Həmin vaxt Aytəkin qızıyla hardansa gəlirdi. Qızı və özü Dürdanəyə “oğrudu bu” deyib nalayiq ifadələr işlədərək onu təhqir etdiklərinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 bildirmişdir ki, Hadisə baş verən zaman evdə idi, daha sonra səs-küyü eşidib dəhlizə çıxmışdır. Aytəkinin Dürdanəyə emulsiya oğrusu dediyini öyrənmişdir. Hadisə baş verən zaman Aytəkin Dürdanəyə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Baxşəliyeva Lətafət bildirmişdir ki, hadisə zamanı evdə olmuşdur. Daha sonra dəhlizə çıxdığı zaman Dürdanənin ağladığını görmüşdür. Aytəkin və qızı Dürdanəni təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 izahatında bildirmişdir ki, hadisə dəhlizdə baş vermişdir. Aytəkin və qızı Dürdanəni təhqir etdiyinin şahidi olmuşdur. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, qonşuların izahatlarında ziddiyyət olduğunu nəzərə alaraq inzibati xəta haqqında protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli polis sahə rəisinin yazdığı raportdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mkr ərazisində Şəxs yaxınlaşıb izahatının alınması məqsədilə dəvət etdiyi zaman əl-qol hərəkətləri ilə onu itələyib qaçmağa çalışmış, qaçmasının qarşısını aldıqda isə uca səslə polisin ünvanına nalayiq ifadələr işlətmiş, ona irad bildirib qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, buna məhəl qoymamışdır. İş materiallarında olan X9 tərəfindən yazılmış ərizə və izahatdan görünür ki, Şəxs ona şər atır, hədə-qorxu gəlir və təhqir edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış izahatdan görünür ki, Şəxs 2 ildir ki, onun yaşadığı yataqxanada yaşayır və mütəmadi olaraq hər hansı bir səbəb olmadan onu və ailə üzvlərini nalayiq ifadələrlə söyür və təhqir edir. İş materiallarında olan X6, X5, X11, X7, X4 tərəfindən yazılmış izahatlardan görünür ki, onlar Zərərçəkmiş şəxs ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan Şəxs tərəfindən yazılmış izahatdan görünür ki, onun qonşuları onu və qızını rahat yaşamağa imkan vermirlər. Zərərçəkmiş şəxs kameranı sındırdığı üçün onu məhkəməyə vermək istəyəndə mane oldu. Dəfələrlə onu hədələmiş, axırıncı dəfə işdən qayıdanda niyə icraya şikayət etdiyini soruşub onu hədələmişdir. Daha sonra saçından tutub pilləkən boyu sürümüşdür. Həmin zaman onun telefonu səsyazmada idi, Zərərçəkmiş şəxs təpiklə onun ayağından vurdu. Ardından onun əlindən özünü qurtaran kimi eynəyini və qızıl sırğasını çıxartdı. Daha sonra 102-ə zəng etmiş, ekspertiza təyin olunmuşdur. Tünzalə və onun oğlu Ayxan onu hər gün təhqir edirdi. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-982/2025 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmiş, şikayətinə əsasında Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış, nəticədə Sumqayıt Şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, izahatlarda qonşuların bəzilərinin Şəxs tərəfindən nalayiq ifadələrin işlədilməsinə şahid olmamaları məzmunundakı ifadələri ziddiyyətli ifadələr kimi qəbul edilməməlidir. Çünki, iş materialları, tərəflərin izahatları və şahid ifadələri əlaqəli şəkildə qiymətləndirildikdə hadisənin ilkin olaraq binanın həyətində sonradan dəhlizdə davam etdiyi görünür. Belə olan halda bütün ifadə verən qonşuların hadisənin eyni formada şahidi olmaması normal hal olaraq qiymətləndirilir. Qonşuların bir çoxu səs-küy eşidərək evlərindən çölə çıxmışdır. Hətta zərərçəkmişin izahatından məlum olur ki, Şəxs tərəfindən ona qarşı “boya oğrusu” ifadəsi işlətməsi onun huşunun itirilməsi ilə nəticələnmişdir. Aytəkin Bayramovun qonşusuna qarşı həmin ifadəni işlətməsi və bundan sonra səs-küy salması sonuncu tərəfindən ictimai qaydanının pozulması ilə nəticələnmişdir. Qeyd olunan əməl də İXM-in 510-cu maddəsinin tərkib əlamətlərini yaratmışdır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-cü maddəsində nəzərdə tutulan Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinin 1.2-ci bəndinə əsasən tərtib olunmuş İXM-in 510-cü maddəsinə münasibətdə eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs əməlini ağırlaşdıran hal olaraq qiymətləndirilir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)- 982/2025 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmiş, şikayətinə əsasında Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış, nəticədə Sumqayıt Şəhər Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq edilməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1797/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1797/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver