Məhkəmə qərarları › İş №3(060)-1799/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1799/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1799/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhəri 1-ci PB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, məh 41, yataqxana 9, otaq 103 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs 16.05.2021-ci il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib olunmuş 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və 18.05.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri 1-ci PB-nin sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasına çıxış edərək bildirdi ki, 18.05.2021-ci il tarixdə polis bölməsinə raport daxil olmuşdur. Belə ki Şəxs polis əməkdaşları ilə mübahisə edərək ictimai yerdə uca səslə nalayiq küçə söyüşləri ilə söyüşlər söymüşdür. Həmin vaxt içkili vəziyyətdə olmuşdur. Polis əməkdaşları həmin şəxsi bölməyə gətirmək istədikdə o, polisin qanuni tələblərinə məhəl qoymamış, bu səbəbdən də polis əməkdaşları onu fiziki gücdən istifadə edərək avtopatrula əyləşdirib bölməyə gətirmişlər. Qeyd olunan fakt əsasında Şəxs barəsində 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, 16.05.2021-ci il tarixdə saat 23:00 radələrində dostu X5 ilə birlikdə Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində olan kafelərin birində spirtli içki qəbul etdikdən sonra sərxoş olmuşlar. Dostu Şahidə məxsus olan Vaz 2107 markalı **-HS-*** dövlət nömrə nişanlı avtomobili idarə edə bilmədiyi üçün, Şahid ayıq sürücünü çağırmış, sürücü avtomobili idarə edib Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində olarkən yol polisinin avtomobilin arxası ilə gəldiyini görmüş, sürücü isə avtomobili saxlamayaraq həmin mikrorayonun daxilinə hərəkət etmişdir. Bir qədər sonra onlar sürücüyə avtomobili saxlamağı bildirmiş, sürücü avtomobili yolun kənarında saxlamış, sonra arxadan gələn yol polisi onlara yaxınlaşmışdır. Sürücü avtomobildən düşmüşdür. Həmin vaxt o və dostu Amil də onunla bərabər avtomobildən düşmüşlər. Polis əməkdaşları ona nə üçün avtomobili saxlamadığını sürücüyə bildirdikdə sürücü qorxduğu üçün qaçıb getmişdir. Sonra polis əməkdaşları ilə aralarında sözlə mübahisə düşmüşdür. Aralarında olan fikir ayrılığına görə o və dostu Şahid polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. Polis əməkdaşları bununla bağlı onları ərazi aidiyyəti üzrə polis bölməsinə getməyi bildirmiş, lakin onlar yenidən polisin qanuni tələbinə məhəl qoymamışlar. Polislərlə getmək istəməmiş və yenidən aralarında sözlə mübahisə düşmüşdür. Bundan sonra ərazidə xidmət edən PPXT-nun əməkdaşları onlara yaxınlaşıb onları polis bölməsinə aparmışdır. Həmin vaxt o, polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etməmiş, polis əməkdaşlarına hər hansı bir xəsarət yetirməmiş, polis əməkdaşları tərəfindən də hər hansı bir xəsarət almamışdır. Hazırda etdiyi hərəkətdən peşmandır və bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Özünün İİ dərəcə əlilliyi vardır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid polis nəfəri X6 izahatında göstərdi ki, 16.05.2021-ci il tarixdə saat 23:45 radələrində xidmətdə olarkən 2019 çağırışlı DYP-nin əməkdaşı efir vasitəsilə Ü.Hacıbəyov küçəsi 12-ci mikrorayon istiqamətində köməyə çağırmış, o da öz növbəsində dərhal həmin istiqamətə yaxınlaşıb öz köməkliyini göstərmişdir. Orada olan şəxsləridən birinin polis əməkdaşları ilə mübahisə etdiyini və ictimai yerdə uca səslə nalayiq söyüşlərlə söydüyünün şahidi olmuşdur. Dərhal həmin vətəndaşlara yaxınlaşan zaman onların spirtli içki qəbul etdiyini anlamış, onları polis bölməsinə dəvət etmiş, lakin vətəndaşlar polisin qanuni tələblərinə məhəl qoymayıb tabe olmamışdır. Buna görə də həmin şəxsləri fiziki gücdən istifadə edərək avtopatrula əyləşdirib bölməyə gətirmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında çıxış edən şahid polis nəfəri X4, polis əməkdaşları X3 və X2 izahatlarını təsdiq edərək bildirdi ki, həqiqətən də 16.05.2021-ci il tarixdə, saat 23:00 radələrində vətəndaş Şəxs Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidləri və müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 17 may 2021-ci il tarixli 2799 saylı aktdan görünür ki, inzibati xəta hadisəsi törədilən zaman Şəxs alkaqol sərxoşluğu vəziyyəti olmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına ünvanladığı 19 may 2021-ci il tarixli sorğusuna cavab məktubundan görünür ki, vətəndaş Şəxs İİ qrup ümumi əlilliyə görə pensiya alan kimi qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi AR İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, Məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun İİ dərəcə əlilliyinin olmasını, əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar