Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1802/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin 23.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin 23.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X10 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X10 şikayət verərək qərarın ləğv edilməsinin və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin 23.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X10 şikayəti onunla əsaslandırmışdır ki, 2021-ci ilin mart ayında "xxxx" MMC haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə daxil olmuş ətəndaş şikayətinə əsasən həmin MMC-nin rəhbərliyi qismində ona özünü telefonda X8 Xidmətinin müfəttişi olaraq təqdim etmiş Vüsal Musalı adlı şəxsdən zəng daxil olmuş və onu "xxxx" MMC haqqında olan vətəndaş şikayətləri ilə bağlı məsələyə bxılması üçün 13.04.2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 87A ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə dəvət etmişdir. Həmin tarixdə göstərilən ünvanda Vüsal Musalı bəyi və onun rəisini 90 dəqiqə gözlədikdən sonra Vüsal bəy onu 3-cü mərtəbəyə, ümumi otağa çağırmış və özünü baş müfəttiş kimi təqdim edən Rəna Tağıyeva adlı xanımla birgə onu ayaqüstü və qısa sorğu-suala tutmuşdur. Vətəndaş şikayəti ilə yalnız burada tanış olaraq o vətəndaşın 2020-ci ilin noyabr ayının əvvəlindən etibarən "xxxx" MMC-də çalışdığını iddia etdiyini öyrənmişdir. O, "xxxx" MMCnin 2020-ci ilin noyabrın 26-da rəsmi qeydiyyatdan keçirildiyini, habelə 14 dekabr 2020-ci ildən 18 yanvar 2021-ci ilədək davam etmiş sərt karantin tədbirləri çərçivəsində "xxxx" MMC-nin fəaliyyətini davam etdirmək üçün icazə verilən istiqamətlərə aid olmadığını və bu səbəbdən "xxxx" MMC-nin həmin tarixlərdə fəaliyyətinin mümkün olmadığını, bu günə qədər MMC-nin heç bi fəaliyyətinin olmadığını, bank hesablarının hərəkətsiz olduğunu və s. kimi məslələri əsas gətirərək şikayətdə bildirilənlərin bu baxımdan əsassız olduğunu bildirsə də, bu deyilənlərə heç bir əhəmiyyət verilmədən onu rəisin otağına dəvət etmişlər. Rəis kimi təqdim olunan və ona özünü Sadiq Əliyev olaraq təqdim edən əməkdaşın otağında ona vətəndaş şikayətlərilə bağlı yenə də bir neçə sual verilmiş və işin bağlanılaraq qərar üçün göndəriləcəyi bildirilmişdir. O, buna etiraz edərək daha əvvəl bildirdiklərini təkrarlamaqla yanaşı onun həmin idarəyə ilk dəfə gəldiyini, ümumiyyətlə şikayət haqqında daha əvvəl ona heç bir rəsmi məlumat verilmədiyini və onun ifadəsi alınmadan qərar üçün göndərilməməli olduğunu bildirsə də, ona “Səni gözləyə bilmərik, gəlib ifadəni verərdin” deyərək susdurmağa çalışmışlar. O, rəsmi olaraq heç bir məlumat almadığını desə də, ona onun şəxsi poçt ünvanına ona göndərilməli olan rəsmi məktubun şəklini göstərərək göndərdiklərini əsas gətirərək etirazını rədd etmişlər. O, bunun qanunsuz olduğunu, şikayətin araşdırılmadan, "xxxx" MMC rəhbərliyi olaraq onun ifadəsi alınmadan qərar verilməsini bildirsə də, heç bir faydası olmamışdır. “Sübut edə bilərsən ki, bu şikayət edənlər sizdə işləməyiblər” sualına da etiraz edərək iddiaçı tərəfin sübut etməli olduğunu, hər hansı bir şikayət əsasında səthi yanaşma ilə qərar çıxarmağın qanunsuz olduğunu bildirsə də, yenə də faydası olmamışdır. Onların bu əməllərindən şikayət edəcəyini bildirdikdə “Get nə edirsən et” tipli cavabla qarşılaşmış və yola salınmışdır. Bundan sonra onun telefonuna aprel ayının sonunda ASANPAY xidmətindən bildiriş gəldiyi zaman 4000 AZN cərimələndiyini öyrənmişdir. Daha sonra poçtdan əlaqə saxlanılaraq ona məktub olduğunu bildirdikdə poçta gedib məktubu gğtürmüşdür. İnzibati xəta haqqında tənbeh məktubunun rəsmi tarixi 29.04.2021-ci ildir. Bu məktub 23.04. 2021-ci il tarixli MN ******* inzibati tıənbeh vermə haqqında qərardan ibarətdir. Məhkəmə iclasında X10 şikayətdə göstərilənləri müdafiə etdi, şikayətin təmin edilməsini və barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi və bildirdi ki, "xxxx" MMC-nin təsisçisidir, eyni inzibati xətaya görə özü 4000 manat, "xxxx" MMC isə 20000 manat məbləğində cərimə edilmişdir. Pandemiya dövründə onsuz da pisləşən maddi vəziyyəti daha da ağırlaşmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X11 bildirdi ki, şikayət əsassızdır, inzibati xətaya dair işə baxılması barədə vəzifəli şəxsə məlumat verilmiş, işə baxılmasından onun məlumatı olmuşdur. Bunu poçt sənədləri də təsdiq edir. Qərar qanunidir və şikayətin təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin 23.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 vətəndaşlar X9 və X1 Azərbaycan Respublikası ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etmişdir. Məhkəmə X4 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 3(006)-1084/2021 saylı 20.05.2021-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X3 izahatından görünür ki, 28 yanvar 2021-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək çalışdığı "xxxx" MMC şirkətində proyekt mencer vəzifəsində çalışarkən digər işçilərin maaşının verilmədiyini görüb, müəssisə rəhbərinə maaşın ödənməsini, əks təqdirdə şikayətini aidiyyatı qurumlara edəcəyini bildirərək işdən ayrılmışdır. Lakin heç bir cavab və ödəniş almamışdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətində işə baxılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, X4 şitkayəti əsassız olduğundan rədd edilməlidir. X4 vəzifəli şəxs kimi vətəndaşlar X6 və X2 Azərbaycan Respublikası ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etmişdir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bunu şikayətçi özü də təkzib etmir. Şikayətçı baş verən inzibati xətanı pandemiya ilə əlaqələndirir, mübahisələndirdiyi əsas məsələlər isə prosessual məsələlərdir: izahatının alınmaması və işə baxılarkən ona məlumat verilməməsi, iştirakının təmin edilməməsi. Məhkəmə tərəfindən bu hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılması barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə ona məlumat verilmişdir. Məhkəməyə təqdim edilən sənədlərin surətləri ilə bu təsdiq edilir. Eyni zamanda, qeyd etmək lazımdır ki, qanunun tələbinə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Ona görə də, məhkəmə hesab edir ki, X4 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin 23.04.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın.. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1802/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1802/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver