Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1804/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X1 tənbeh vermə haqqında DGK-A 111892 saylı, 26.04.2021-ci il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Materialdan görünür ki, X7 tərəfindən 17.08.2020-ci il tarixdə Gürcüstan Respublikası Rustavi şəhərində qeydiyyat "Nini" MMX firmasına göndərilmiş təzə qarpız yükünün müqabilində ödənilməli olan 2440 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan fiziki şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X1 tənbeh vermə haqqında DGK-A 111892 saylı, 26.04.2021-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən təqsirli bilinmiş və 50 faiz miqdarda, yəni 2074,00 (iki min yetmiş dörd) manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul olunmuş 26.04.2021-ci il tarixli DGK-A 111891 saylı qərarın ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən 26 aprel 2021-ci il tarixli DGK-A 111891 saylı inzibati xəta barədə qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi ona özünün 20 aprel 2021-ci il tarixli 1600-013/003-26/001971 saylı məktubla, 14 aprel 2021-ci il tarixli DGK-A 111891 saylı protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 26 aprel 2021-ci il tarixə saat 17:00-a təyin edilməsi barədə məktub onun ünvanına 29 aprel 2021ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Məktub onun ünvanına gec çatdırıldığından fiziki şəxsin inzibati xəta üzrə icraatda iştirak etməyi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. İnzibati xəta barədə qərarda qərarı qəbul etmək səlahiyyəti olan şəxsin imzası möhürlə təsdiq edilməmişdir. Belə ki, inzibati xəta barədə qərarın nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 466 saylı, 18 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Nazirlər Kabinetinin həmin qərarı ilə inzibati tənbeh barədə qərarın forması təsdiq edilmiş, qərara möhür əlavə edilməsi qeyd olunmuşdur. Mübahisələndirilən inzibati xəta barədə DGK-A 111891 saylı, 26 aprel 2021-ci il tarixli qərar 01 may 2021-ci il tarixdə rəsmi qaydada onun ünvanına daxil olmuşdur. İnzibati orqan tərəfindən protokol üzrə inzibati xətaya dair işə baxılması üçün göndərilmiş bildiriş ona gec göndərildiyindən qərarın həmin gün qəbul edilməsi qərəzlidir, qanunsuzdur və qanunvericiliyin tələblərinə ziddir. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas -xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hallarından ibarətdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X3 nümayəndəsi və vəkili X6 şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, onun nümayəndəsi olduğu X7 heç bir qayda pozmamışdır. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, icraata xitam verilməsini xahiş edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 26.04.2021-ci il tarixli DGK-A 111891 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilməlidir. Qərarın qəbulu zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, məhkəmə tərəfindən X3 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X4 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamış, inzibati xəta barədə bildiriş X5 gec çatdırılmış, onun iştirakı olmadan qərar qəbul edilmişdir. Hal-hazırda həmin halların, həmçinin X7 tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X1 tənbeh vermə haqqında DGK-A 111892 saylı, 26.04.2021-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul olunmuş 26.04.2021-ci il tarixli DGK-A 111891 saylı qərarı ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsiə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 tənbeh edilməsinə dair Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X1 tənbeh vermə haqqında DGK-A 111892 saylı, 26.04.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən, barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1804/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1804/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver