Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1805/2024 10.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Yunisli Əhməd Azər oğlunun iştirakı ilə, Yunisli Əhməd Azər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı X2 Azər oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Yunisli Əhməd Azər oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, İXP ******* saylı Qərarın ləğv edilməsini və Hüseynov Abuzər tərəfindən avtomobilinin duracaqda qaldığı müddətdə ona vurduğu maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat cərimə edilir. Bildirmək istiyir ki, ona bu inzibati xəta protokolu 102 xidmətinə şikayət edəndən sonra tərtib olundu. İlkin olaraq ona Nərimanov YPŞ 9-cu otağa yaxınlaşmağını tələb edirdi. Həmçinin heç bir ölçmə aparmayaraq göz baxışı ilə avtomobilinin çıxış qazlarının normaya uyğun olmadığını bildirdi. Ondan icazəsiz olaraq avtomobilinin salonu və yük hissəsinə baxış keçirilib. Yeni aldığı akkumlyatoru görüb bunun oğurluq olması ilə ittiham etdi. İXM-nin 96-cı maddəsinə zidd olduğu halda bu maddə ilə avtomobilini qərəzli şəkildə duracağa təmin edilib, polis vətəndaş davranışını kobud şəkildə pozaraq “mən belə edirəm, get kimə istəyirsən şikayət elə, mənə az fərq edir” dedi. Göründüyü kimi Hüseynov Abuzər nəinki Azərbaycan YHQ heçə sayır, sadə etik qaydalara belə riayət etməyərək vəzifəsindən sui-istifadə edir və vətəndaş hüquqlarını kobud şəkildə pozur. İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Hüseynov Abuzər avtomobilin duracaqda qaldığı müddətdə ona vurduğu maddi və mənəvi zityanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Yunisli Əhməd Azər oğlu bildirdi ki, ayın 29-u Dərnəgül yolunda hərəkətdə olan zaman Koroğlu istiqamətində YP 266 ona “saxla” əmri vermiş, o da saxlamışdır. Yaşının çox olduğunu görüb hörmət əlaməti olaraq özü avtomobildən düşərək yol polisinə yaxınlaşmışdır. Yol polisi həmin vaxt ona avtomobilin duracağa təmin olunacağını demiş, səbəbini soruşduqda avtomobilin arxasından tüstü çıxdığını, ekologiyanı pozduğunu demiş, o da bu halda cərimə yazmasını demişdir. Yol polisi ona ya avtomobilin duracağa gedəcəyini, ya da PPX çağıraraq onu həbsə atacaqlarını demişdir. O da bu hərəkətin qanunsuz olduğunu, şikayət edəcəyini dedikdə yol polisi onun üçün heç bir fərqin olmadığını demişdir. Bundan sonra yol polisi ilə birlikdə cərimə meydançasına getmişlər. Orada cərimə yazılmasını və avtomobili götürməsini dedikdə, yenə də avtomobili verməmiş və cərimə yazmamışlar. O da DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, bundan sonra ona İXM-nin 342.5-ci maddəsi ilə protokol və qərar tərtib edilmişdir. Bundan sonra yol polisinə İXM-nin 96-cı maddəsinə əsasən bu xətaya görə avtomobilin cərimə meydançasına gətirilməsinin qanunsuz olduğunu və şikayət edəcəyini demişdir. 3 gündən sonra ona zəng olunmuşdur ki, avtomobili duracaqdan götürsün. O, bu hadisə ilə bağlı dövlət orqanlarına şikayət etmiş, bundan sonra onu prokurorluq orqanına dəvət etmişlər, dinləmişlər, daha sonra Baş X4 İdarəsindən dəvət etmişlər. Orada yol polisi həmin avtomobilin “stop” işığı işləmədiyi üçün saxlanıldığını bildirmişdir. İXM-nin 342.5-ci maddəsi aradan qaldırılması mümkün olmayan nasazlığı nəzərdə tutur, avtomobil bir ay duracaqda qaldıqdan sonra ona məlum olmuşdur ki, “stop” işığına görə avtomobili duracağa aparmışlar, həmin nasazlığı isə yerində aradan qaldırmaq mümkün idi, protokol yalnış yazılmışdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Yunisli Əhməd Azər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən “Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir.” Həmin Məcəllənin 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə yol polis tərəfindən saxlanılan “BMW 320 minik” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobildə xarici işıq cihazları nasaz olmuş, eyni zamanda İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:15-də 22 saylı cərimə meydançasında “BMW 320 minik” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa stopları və işıq cihazları dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Qeyd olunan akta Yunisli Əhməd Azər oğlu tərəfindən imza edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, əməldə inzibati xəta tərkibinin olması işdə olan sənədlər və inzibati xətanı törətmiş şəxsin izahatı ilə sübuta yetirilir, Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Yunisli Əhməd Azər oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə qeyd edir ki, xarici işıqlarının nasaz olması özlüyündə şəxs barəsində inzibati tənbeh verilməsi üçün əsasdır. Şikayətiçi yanlış olaraq belə nasazlığın aradan qaldırılması mümkün olmayan halda inzibati tenbeh tətbiq olunmalıdır kimi qeyd edir. Belə ki, həmin maddənin dispozisiyasında göstərilən nasazlıqlar hər bir halda sonradan aradan qaldırıla bilər. Odur ki, Yunisli Əhməd Azər oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə vurğulayır ki, hazırda yalnız şəxs barəsində inzibati tənbeh haqqında verilmiş qərarın qanuni və əsaslı olması yoxlanılır. Yunisli Əhməd Azər oğluna avtomobilinin qanunsuz duracaqda qaldığı müddətdə ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı ayrıca tələblə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Yunisli Əhməd Azər oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən Yunisli Əhməd Azər oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Yunisli Əhməd Azər oğluna avtomobilinin qanunsuz duracaqda qaldığı müddətdə ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı ayrıca tələblə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1805/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1805/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver