Məhkəmə qərarları › İş №3(060)-1805/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1805/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1805/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Qərardan şikayət verən şəxs X5 nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Səbinə Vəlizadə şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 01 iyul 2025-ci il tarixli, MN № 1 896526 saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 2500 (iki min beş yüz) manat cərimə edilmişdir. Qərarın verilməsinə səbəb kimi “Şadlıq evinin tüstü bacasından ətrafa atılan zərərli maddələrin miqdarının norma həddindən artıq olması göstərilmişdir”. O, bu iş üzrə qəbul olunmuş qərarı rəsmi şəkildə 14 iyul 2025-ci ildə almışdır. Barəsində tərtib olunmuş 01 iyul 2025-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarla razılaşmır. Belə ki, rəhbərlik etdiyim müəssisədə (şadlıq evi) tələb olunan qurğu quraşdırılmışdır. Həmin qurğulara vaxtı-vaxtında texniki xidmət göstərilir. Qərar qəbul edilməmişdən əvvəl yəni, xx.xx.2025-ci ildə təmizləyici qurğuya "xxxx" MMC tərəfindən xidmət göstərilib. Bu barədə həmin Cəmiyyət tərəfindən video çəkiliş və foto çəkilişlər aparılmışdır. Müəssisədə quraşdırılmış qurğunun texniki sənədləri mövcuddur. Belə ki, AR İXM-nin 18,5-ci maddəsinə görə “hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən təsdiq edilir”. Qeyd edilən səbəblərə görə MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 iyul 2025-ci il tarixli, MN № ******* saylı “İnzibati Tənbeh vermə haqqında” qərarının və həmin qərara əsasən hesablanmış 2500 (iki min beş yüz) manat cərimənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X5 nümayəndəsi X8 şikayət ərizəsinə uyğun izahat verərək bildirdi ki, Onlar uzun müddətdir bu sahədə fəaliyyət göstərirlər. Tələb qoyulmuşdur ki, tüstü bacalarına havanı təmizləmə qurğuları quraşdırılsın. Onlar obyektə 2018-ci ildən etibarən Türkiyə Respublikası istehsalı olan həmin qurğunu yerləşdirmişlər və bu qurğuya vaxtı-vaxtında da xidmət olunur. May ayının 1-də bacanı təmizlətmişdir. Həmin ərəfələrdə Məclis 120-130 nəfərlik məclis olmuş və saat 8-də orada demək olar ki, kabab çəkilməmişdir. Bundan əvvəl iki dəfə cərimə yazılıb, iki ilin ərzində. Birini ödəmişlər, digərini də təzə yazıblar. Bu qəbul olunmazdı. Orada qurğunun olmasından və vaxtıvaxtında təmizlik işləri aparılmasına görə ətrafa atılan zərərli maddələrin miqdarının norma həddindən artıq olması mümkün deyildir. Şəkillərdən görünən tüstü deyil, bacalardan çıxan pardır. 01 may tarixində qurğuya texniki servis edilmişdir. Barələrində qəbul edilmiş qərar əsassızdır. Bu səbəbdən qərarın ləğv edilmisini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, 03 may tarixində Xəzər kompleksinin əməkdaşları tərəfindən ölçmə işləri aparılmış, daha sonra inzibati araşdırmaya qarşı tərəf edilmişdir. Lakin araşdırmada iştirak etməmişlər. Ölçmə qurğusu vaxtı-vaxtında kalibrasiya edilmiş və müvafiq sertifkatı mövcuddur. Qurğunun növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt isə xx.xx.2025-ci il tarixidir. Hesab edir ki, qərarları əsaslıdır və buna görə də qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə istintaq zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: - 30 may 2025-ci il tarixli, 91381 saylı aktdan görünür ki, AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində fəaliyyət göstərən Sevgi Palace şadlıq evində yoxlama keçirilmiş, yoxlama zamanı təmizləyici qurğunun işlək vəziyyətdə olmadığı, atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu – 11.6 mq/m3 (norma 5.0 mq/m3) faktı aşkar edilmişdir. Bu barədə 03 may 2025-ci il tarixli, 003188 saylı akt tərtib edilmiş, həmin akt yoxlayıcılar Rüstəm Əsgərov, Rabil Əhmədov, Asəf Bayramov və Rafiq Quliyev tərəfindən imzalanmış, restoranın nümayəndəsi Cavid Sadiqov aktı imzalamaqdan imtina etmişdir. Bu barədə fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. - 30 may 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində fəaliyyət göstərən Sevgi Palace şadlıq evində yoxlama keçirilmiş, yoxlama zamanı tüstü bacasından təmizləyici qurğunun işlək vəziyyətdə olmadığı, atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu faktı aşkar edilməsi səbəbindən Səbinə Vəlizadə barəsində İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitəninin tipi Ankat-64M3-03, markal qaz analizatoru, son dəfə müqayisəli yoxlamadan keçdiyi tarix-xx.xx.2024-cü il, növbəti dövlət yoxlamasından keçirilməli olduğu vaxt isə xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. - xx.xx.2025-ci il tarixli “inzibati xətalar haqqında işlər üzrə” bildirişdən görünür ki, ünvan 1 ünvanında yaşayan X6 barəsində olan inzibati xəta ilə bağlı xx.xx.2025-ci il tarixdə, saat 11:30-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmiş, həmin bildiriş Nərmin Həsənova (yoldaşı) tərəfindən şəxsən qəbul edilmişdir. - OMS K 14552 nömrəli Kalibrləmə Sertifkatından görünür ki, Ankat-64M3-04 səyyar cihazına xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müddətə Kalibrləmə Sertifkatı verilmişdir; Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, orada qurğunun olmasından və vaxtı-vaxtında təmizlik işləri aparılmasına görə ətrafa atılan zərərli maddələrin miqdarının norma həddindən artıq olması mümkün deyildir. Şəkillərdən görünən tüstü deyil, bacalardan çıxan pardır. Bundan əvvəl iki dəfə cərimə olunduqlarını, hazırki cərimənin əsassız yazıldığını bildirirək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin izahatında göstərilən xüsusatlarla bağlı qeyd edir ki, bu izahat özünümüdafiə xarakteri daşıyır, məsuliyyətdən yayınmaq üçün verilmiş ifadədir. Çünki məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində fəaliyyət göstərən Sevgi Palace şadlıq evində yoxlama keçirilmiş, yoxlama zamanı təmizləyici qurğunun işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. 64M3-04 cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticədə atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu – 11.6 mq/m3 (norma 5.0 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müyyən edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 233.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Bu səbəbdən şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 233.1-ci maddəsinə görə Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 şikayəti təmin edilməsin. X5 Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar