Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1806/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri 30-cu məhəllədə “Tam-Store” mağazasının qarşısında idarə etdiyi ** EN *** dövlət qeydiyyat nişanlı, Hundai Santa-Fe minik markalı avtomobilini parklanma yerinə daxil etmişdir. O, avtomobili işlək vəziyyətdə saxlamış və özü də sükan arxasında əyləşmişdir. Bu zaman X4 Şöbəsinin əməkdaşı öz xidməti avtomobili ilə hərəkətdə olarkən uzaq məsafədən onun avtomobilinin yalnız arxa tərəfdən fotosunu çəkmiş və onun barəsində EQ 29051599 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, həmin yolda “dayanma qadağandır” nişanı yoxdur. Adətən DYP əməkdaşı dayanma durma qaydalarını pozan sürücülərın idarə etdiyi avtomobilin şəklini çəkərkən öz xidməti avtomobilindən yerə düşməli və normal qaydada protokol tərtib etməlidir. Lakin, polis əməkdaşı onun sükan arxasında olamsına baxmayaraq avtomobilin şəklini çəkmişdir. DYP əməkdaşı avtomobilin yanından keçən zaman onu maşında sükan arxasında olduğunu görmüş, məhz bu səbəbdən sükanın boş olması halını foto fiksə edə bilməmişdir. İş materiallarına əlavə olunmuş foto şəkilə diqqətlə baxılan zaman avtomobilin sürücü tərəfdə olan güzgüsündən onun qol nahiyyəsi əks olunduğunu görmək mümkündür. Həmçinin foto şəkildən görünür ki, qarşıdakı avtomobil parklanma zolağını tərk etdikdən sonra o, həmin avtomobilin yerinə keçəcəyi də sezilir. Lakin, DYP əməkdaşı onun idarə etdiyi avtomobilin arxa hissəsini çəkərək protokol tərtib etmişdir. Halbuki DYP əməkdaşı belə olan halda halda xidməti avtomobildən düşməli, qayda pozan nəqliyyat vasitəsinin ön, arxa və iç hissəsini aydın şəkildə çəkməli və həmin sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Göründüyü kimi DYP əməkdaşı tərəfindən formal xarakterli, səthi və qanunsuz qərar qəbul edilmişdir. O, qərarı əsassız və qanunsuz hesab edir. Laqeyidlik və səriştəsiz hərəkət etməklə polis hüquqlarını kobud surətdə pozmuşdur. Ümumiyyətlə avtomobili park etmək inzibati xəta sayılmır. Belə xəta AR-nın İXM-də nəzərdə tutulmamışdır. O, bu hadisə ilə əlaqədar DİN-nə elektron, həmçinin 102 xidmətinə 3 dəfə, DYPİ-nin 902 xidmətinə də 5 dəfə müraciət etmişdir. Lakin, onun şikayətlərinə baxılmadığı üçün məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və 2 balın silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X5” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci ildə saat 14:33-də Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgədə dayanma və ya durma qaydalarını pozduğu üçün sürücü X2 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati tənbeh tətbiq etmə barədə qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, “X5” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində avtomobillərin parklanması üçün nəzərdə tutulmuş sahənin bilavasitə qarşısında qəza işıq siqnalını yandırmaqla dayanmış və həmin vaxt avtomobilin qarşı tərəfində park yerində “Cip” markalı digər nəqliyyat vasitəsi çıxır. Foto şəkillərə əsasən həmçinin müəyyən edilir ki, “X5” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (sol yan güzgüsünə əsasən) sürücü sükan arxasındadır, həmin fotoşəkillər hərəkətdə olan YXP avtmobili ilə çəkilmişdir. Belə ki, fotoşəkillər təhlükəsiz şəhər kameraları tərəfindən yuxarıdan deyil, avtomobillə eyni hündürlükdə yerləşən kamera ilə çəkilmiş, həmçinin ayrı-ayrı fotoşəkillərin müxtəlif uzaqlıqlardan qeydə alınması, birinin isə bilavasitə avtomobilin yanından keçərkən qeydə alınması həmin foto şəkillərin hərəkətdə olan nəqliyyat vasitəsi ilə qeydə alınmasını bir daha təsdiq edir. Yuxarıda göstərilən hallar münasibətdə məhkəmə qeyd edir ki, avtomobillərin parklanması üçün nəzərdə tutulmuş sahənin bilavasitə qarşısında qəza işıq siqnalını yandıraraq sürücünün sükan arxasında olduğu, həmin vaxt qarşıda olan nəqliyyat vasitəsinin park yerindən çıxması və bu müddət ərzində (cəmi 2-3 saniyə) hərəkətdə olan YPX avtomobili tərəfindən dayanmış nəqliyyat vasitəsinin fotoşəkilinin çəkilməsi sonuncu nəqliyyat vasitəsinin dayanma və durma qaydalarını pozması qənaətinə gəlinməsi üçün kifayət etmir. Belə ki, həmin nəqliyyat vasitəsi bu qısa müddət ərzində qarşıda park yerini tərk edən nəqliyat vasitəsinin yerində park etməsi üçün də dayana bilərdi. Sürücünün sükan arxasında olması və YPX avtomobilinin ordan çox qısa zaman intervalında (2-3 saniyə) keçməsi həmin ehtimalı daha da gücləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qayda pozuntusuna yol verməsi iddia edilən avtomobilin, yəni “X5” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daha uzun müddətə və ya park yerinə daxil olması üçün digər nəqliyyat vasitəsinin çıxmasını gözləməyə görə deyil, başqa məqsədlə həmin yerdə dayanmasını təsdiq edən hər hansı sübutlar olmadan sürücü barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməsi qanunsuz və əsassız olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, işin hallarından da görünür ki, törədilməsi iddia edilən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdir. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İXM-in 124cü maddəsinə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) müvafiq qaydada aparılmalı olduğu halda, inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İXM-in 122-ci maddəsinə (inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) müvafiq qaydada aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraatın Azərbaycan Respublikası İXM-in 122-ci maddəsinə uyğun qaydada aparılması Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi, yetərli sübutlar olmadan inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsi isə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, bu səbəbdən Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinə göndərilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin, ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1806/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1806/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver