Məhkəmə qərarları › İş №3(060)-1812/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1812/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1812/2025 05.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 15 iyul 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri gəlməmişlər. Şəxs MMC-nin nümayəndəsi məhkəmə prosesində iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi elektron məhkəmə sistemi vasitəsi ilə məhkəmə ərizə ünvanlayaraq məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş 15 iyul 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 13.263,00 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 02 (iki) il müddətində 13.263,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1ında baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə 13.263.00 ABŞ dolları avans köçürməsinin qarşılığında xx.xx.2023-cü il tarixdə həmin vəsait Şəxs MMC-nin hesabına geri qaytarılmışdır. Vəsaitin xx.xx.2025-ci il tarixdə geri qaytarılmasını nəzərə alaraq Şəxs MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdə inzibati təhbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci ildə Türkiyə Respublikasında fəaliyyət göstərən “BilalFruit X1 İthalat İhracat Sanayi və Ticaret Limited” şirkətinin hesabından Şəxs MMC-nin hesabına 13.208,00 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən “BilalFruit X1 İthalat İhracat Sanayi və Ticaret Limited” şirkətinin hesabına "xxxx" ASC-nin Yasamal filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə 13.208,00 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Göründüyü kimi Şəxs MMC tərəfindən bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş 13.263,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) 02 (iki) il müddətində ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarmamışdır. Lakin, 02 il müddətdən bir 09 gün müddət keçdikdən sonra həmin vəsait tam şəkildə MMC-nin hesabına geri qaytarılmışdır. Bu hal "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış və protokol tərtib etmiş orqanın nümayəndəsinin ərizəsi ilə də öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmamışdır. Belə ki, müvafiq vəsaitlər çox uzun müddət keçmədən, cəmi 09 gün müddət gecikmə ilə, həmçinin MMC barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə geri qaytarılmışdır. Bu hal bir daha təsdiq edir ki, MMC ölkə xaricinə köçürülmüş vəsaitlərin geri qaytarılmasında maraqlı olmuş və bunun icrasını təmin etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumu qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 18.4, 40, 43, 53.1.2, 114- 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar