Məhkəmə qərarları › İş №3(060)-1819/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1819/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1819/2024 15.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ22690477 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ22690477 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, “Opel Zafira” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X3 mülkiyyətindədir. Həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Nizami küçəsində hərəkətdə olarkən anidən avtomobilinin motorunda problem yaranmış, məcbur qalıb bir qədər dayanmış, bu vaxt isə qəza dayanma işıqlarını yandırmışdır. Həmin vaxt telefonda usta ilə danışmış və usta ona avtomobili yavaş-yavaş idarə edə biləcəyini bildirmişdir. Bundan sonra avtomobili asta sürətlə, qəza dayanma işıqlarını yandırmaqla idarə edib ustanın yanına getmişdir. Bu halları dövlət yol polisi şöbəsində də bildirsə də, ona məhəl qoymayaraq barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişlər. Məhkəmə iclasında iştirak edən X4 şikayətinin maiyyətinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ22690477 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22690477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22690477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Opel Zafira” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmasına (durmasına) görə X4 Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən həmçinin görünür ki, “Opel Zafira” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qəza dayanma işıqlarını yandırmışdır. Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsinin dispozitiv şərtlərindən görünür ki, həmin maddənin tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması halı mövcud olmalıdır. Lakin, indiki halda “Opel Zafira” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətləri dayanma və durma kimi deyil, məcburi dayanma kimi qiymətləndirilməlidir. Belə ki, foto şəkillərlə təsdiq edilir ki, inzibati xəta qeydə alınan zaman avtomobilin qəza dayanma işıqları yandırılmışdır. Sürücü isə həmin vaxt avtomobilinin mühərrikində nasazlıq yaranmasını bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madddəsinin 30cu bəndinə əsasən məcburi dayanma – texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ22690477 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə sürücünün əməllərində inzibati xəta tərkibi mövcud olmamışdır. Belə ki, həmin vaxt sürücünün hərəkətləri məcburi dayanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22690477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ22690477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2024-cü il tarixli, EQ22690477 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar