Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1820/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, X2 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, İcra sənədi üzrə tələbkar – X3, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən 19 may 2021-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1837/2009 saylı, 08.09.2009-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdeh Şəxs icra vərəqəsi üzrə yığılmış 9440 manat aliment borcunun ödənilməsi tələb olunmuş, lakin sonuncu ödəniş etməmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 Məhkəmədə çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1837/2009 saylı, 08.09.2009-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən 20.03.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 verilməlidir. Lakin icra sənədi üzrə borclu şəxsin hazırda 9440 manat aliment borcu yaranmışdır. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, icra sənədi üzrə borclu şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1837/2009 saylı, 08.09.2009-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən övladı 20.03.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 verilməlidir. Uzun müddət Azərbaycanda olmamışdır. Son bir neçə ildir ki, ölkəyə qayıtmışdır. Ölkəyə qayıdandan sonra mövcud pandemiya vəziyyəti ilə əlaqədar iş tapmaqda çətinlik çəkmişdir. Bu səbəbdən də aliment borcunu ödəyə bilməmişdir. Məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyəti olmamışdır. Hazırda “xxxx” MMC-də operator köməkçisi vəzifəsində işləyir və aylıq əməkhaqqı 300 manat təşkil edir. Bununla bağlı arayışı da Məhkəməyə təqdim edir. Odur ki, aliment borcunun əməkhaqqına yönəldilməsi və barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən icra sənədi üzrə tələbkar X7 izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1837/2009 saylı, 08.09.2009-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdeh Şəxs icra vərəqəsi üzrə 9440 manat aliment borcu yığılmışdır. Şəxs şikayətçidir. Yığılmış aliment borcunun ödənilməsini tələb edir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Şəxs məhkəmə iclas zalında təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş 20.05.2021-ci il tarixli 227 saylı arayışdan görünür ki, Şəxs həqiqətən də 18.03.2021-ci il tarixli 113 nömrəli əmək müqaviləsinə əsasən “xxxx” MMC-də 19.03.2021-ci il tarixdən Xırdalan mebel fabrikinin Panel mebel istehsalı sexinin Burğulama sahəsində operator köməkçisi işləyir və aylıq əməkhaqqı 300 (üç yüz) AZN təşkil edir. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs 17.11.2020-ci il tarixdə 200 manat, 30.07.2020-ci il və 06.07.2020-ci il tarixlərdə 100 manat olmaqla X3 hesabına ödəniş etmişdir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirləri qismində Qanunda öz əksini tapmışdır. Həmçinin icra işinin materiallarından da görünür ki, icra sənədi üzrə borclu şəxsin əmək haqqından tutulmanın aparılması icra məmuru tərəfindən təmin edilməmişdir. Belə ki barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin işləməsi və əməkhaqqı alması araşdırılmamışdır. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmamışdır. Belə ki, borclu şəxs rəsmi qaydada işlədiyi halda icra məmuru tərəfindən borcun ödənilməsinin onun əmək haqqına yönəldilməsi üçün zəruri tədbirlər həyata keçirilməmişdir. Həmçinin Şəxs tərəfindən əvvəllər də ödəniş edilməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1820/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1820/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver