Məhkəmə qərarları › İş №3(060)-1820/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1820/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1820/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Bayramov Faiq Xalıqverdi oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22675083 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 Xalıqverdi oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Xalıqverdi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22675083 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bayramov Faiq Xalıqverdi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus olan HYUNDAY SANTAFE markalı 77 ЕЕ 948 nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə İXM 327.2 maddəsi ilə qayda pozuntusu qeydə alınmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə elektron qərar çıxarılıaraq telefonuma SMS bildiriş gəlmişdir. Bildirmək istəyir ki, bununla da AR-nın İXM-nin 38.6 bəndinin tələbləri kobud surətdə pozulmuşdur. Yuxarıda yazılanları nəzərə alıb həmin elektron qərarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Bayramov Faiq Xalıqverdi oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, Səməd Vurğun küçəsində hərəkətdə olarkən fotoşəkildə görünən marşrutun onun üzərinə gəlməsindən ehtiyat edərək qoşa xəttin üzərinə keçmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 22675083 saylı qərarından görünür ki, Bayramov Faiq Xalıqverdi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” Məhkəmə hesab edir ki, Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 22675083 saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, hadisə Səməd Vurğun küçəsində xx.xx.2024-cü il tarixdə saat 10:40-da qeydə alınmış, lakin inzibati tənbeh vermə haqqında elektron qərar beş gün sonra, yəni xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Bayramov Faiq Xalıqverdi oğlunın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 22675083 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bayramov Faiq Xalıqverdi oğlunın şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 22675083 saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar