Məhkəmə qərarları › İş №3(060)-1822/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1822/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1822/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16.7.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 etirazını onunla əsaqslandırmışdır ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC (bundan sonra “Alıcı”) ilə “Rittal Elektrik ve X1 Anonim Şirketi” (bundan sonra “Satıcı”) arasında bağlanmış 2023-0187 saylı müqavilə əsasında müxtəlif mallar ölkə ərazisinə idxal edilmişdir və bunun müqabilində müvafiq ödənişlər aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunub ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Sözügedən maddənin dispozisiyasından göründüyü kimi, müəyyən edilmiş sanksiya “avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə” tətbiq edilməlidir. Alıcı tərəfindən ödəniş avans olaraq xx.xx.2023-cü il tarixində edilmiş, mallar isə YGB nömrəsi **********4796 olan bəyannaməyə uyğun olaraq idxal edilmişdir. Sənədlərdə baş vermis mexaniki səhvə görə müqavilə nömrəsi həmin bəyannamədə 2023-0204 olaraq qeyd edilmişdir. Bu barədə, bəyannamədə müvafiq düzəlişin aparılması üçün Alıcı tərəfindən Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət edilmişdir. Hazırda, Sumqayıt Gömrük İdarəsində müraciət əsasında (müraciətin qeydiyyat nömrəsi: 3-33-1800/1-002417/2025) araşdırma aparılır. İnzibati Xətalar Məcəlləsinin X2 adlanan 3-cü maddəsinə görə yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən inzibati xətaya anlayış verilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019- cu il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab etmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Göründüyü kimi, qanunvericinin ali məqsədi ölkə ərazisindən valyutanın qanunsuz çıxarılmasının qarşısının alınmasından ibarətdir. Belə ki, sahibkarlar və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər xaricə pul vəsaitini yalnız sahibkarlıq fəaliyyətindən irəli gələn məqsədlərə görə köçürə bilərlər. Bu məqsədlə, alğısatqı, podrat və s. mülki qanunvericiliklə nəzərdə tutulmuş və ya mülki qanunvericiliklə nəzərdə tutulmasa da ona zidd olmayan mülki hüquqi müqavilələr əsasında xaricə avans köçürməni həyata keçirən kommersiya subyektləri mal satın ala və ya işlərin, xidmətlərin görülməsi ilə bağlı sifariş verə bilərlər. Qanunverici avans köçürmənin əvəzində ölkəyə idxal olunmuş mallara dair gömrük bəyannamələrinin, habelə sifariş verilmiş işlərin, xidmətlərin icrasına dair aktın və s. sənədin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsini tələb etməklə, bununla bağlı konkret qaydalar və müddətlər müəyyən etməklə valyutanın ölkədən çıxarılması prosesinə effektiv nəzarət mexanizmini təsbit edir. Lakin bütün hallarda sifarişçi və ya alıcı qismində xaricə köçürməni həyata keçirmiş kommersiya subyektinin Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016- cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda qeyd edilmiş 2 il ərzində və nəzərdə tutulmuş qaydada köçürülmüş avans əvəzində satın alınmış malları köçürülməni həyata keçirən banka bəyan etməməsi və ya sifariş verdiyi işlərin, xidmətlərin icrasına dair sənədi banka təqdim etməməsi onun inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnməməlidir. Nəzərə alınmalıdır ki, kommersiya subyekti köçürdüyü valyutanın əvəzində mal, xidmət almamışdırsa, habelə, köçürdüyü vəsait ona 2 il ərzində qayıtmamışdırsa, artıq müqavilə münasibətlərinin zərərə məruz qalmış tərəfi statusundadır. Bu zaman köçürməni həyata keçirmiş kommersiya subyektinin pulun geri qayıtmamasında və ya mal və yaxud xidmətlərin icra olunmamasında nə dərəcədə maraqlı olması, köçürməni həyata keçirdiyi müqavilə tərəfindən müqavilə üzrə öhdəliklərin icrasını tələb etməsi istiqamətində nə kimi tədbirlər görməsi araşdırılmalıdır. Başqa sözlə, köçürməni həyata keçirən kommersiya subyektinin malların, xidmətlərin gecikdirilməsində və ya idxal olunmamasında təqsiri müəyyən olunmalıdır. Təqsir müəyyən olunmadan inzibati xətanın tərkibi tamamlanmış hesab olunmur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair AR Mərkəzi Bankı tərəfindən tərtib edilən EP № ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq və protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - "xxxx" ASC tərəfindən verilmiş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 9392,92 Avro məbləğində xarici valyutada olan pul vəsaitini avans olaraq Azərbaycan Respublikasından kənara köçürülmüş və həmin vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. - Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs 9392,92 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə avans olaraq xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 9392,92 Avro vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta xx.xx.2025-ci il tarixdə fiziki şəxsin hüquqi ünvanında, yəni ünvan 1nzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində 9392,92 Avro məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 9392,92 Avro vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Avro olduğundan cərimənin məbləği Avronın ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 9392,92 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 1879 (bir min səkkiz yüz yetmiş doqquz) Avro məbləğində (Avronun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bairbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar