Məhkəmə qərarları › İş №3(060)-1824/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1824/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1824/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, X1 qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-1005/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs vurulmuş zərərin əvəzi olaraq 8584 manat Müdafiə Nazirliyinin 480 nömrəli Hərbi Hissənin xeyrinə tutulmalı, Şəxs 105.84 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-1005/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və nəticədə 8584 manat borcu yaranmışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-1005/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini vaxtında və lazımı qaydada icra etməyib. Nəticədə 8584 manat borc ödənilməmiş qalmışdır. Bununla əlaqədar Şəxs İcra İdarəsinə dəvət edilib, həmçinin onunla telefon vasitəsi ilə əlaqə yaradılıb, lakin heç bir nəticəsi olmayıb. Buna görə də onun barəsində 2 dəfə axtarış qərarı qəbul edilib. Həmçinin S.Hüseynvun əmlakı yoxlanılıb, adına heç bir əmlak aşkar edilməyib, heç bir yerdə rəsmi qaydada işləmir. Bir sözlə müvafiq icra sənədinin icrası üçün zəruri olan bütün icra tədbirləri həyat keçirilib, buna baxmayaraq icra sənədi bu gün icrasız vəziyyətdə qalıb. Bundan əlavə şəxsin barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. İcra məmuru qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-1005/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından qəsdən yayınmayıb. Onun həqiqətən də tələb edilən pulu ödəməyə maddi imkanı olmayıb, həmçinin müəyyən xəstəliklərdən əziyyət çəkib. Bundan başqa hərbi hissəyə məxsus maşınla yol nəqliyyat hadisəsi törədib. Həmçinin himayəsində 6 yaşlı azyaşlı uşağı var. 20 gün olar ki, işə girmişdir. Hazırda işləyir və hər ayın 11-15-də əmək haqqı alır və həmin tarixlərdə də ödəniş edə biləcəkdir. Ona indiyə qədər ödəniş etməsi üçün hesab nömrəsi də verilməyib. Qeyd edilənlərə əsasən Şəxs barəsində cərimə cəzası verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Şəxs icra sənədinin icrasından qəsdən boyun qaçırmayıb. Belə ki, Şəxs maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməyib. Lakin o, hazırda hissə-hissə ödəniş edə biləcəyini bildirir. Bundan başqa Şəxs ödəniş edə bilməməsinin digər səbəbi onun xəstəliyi olmuşdur. Qeyd edilənlərə əsasən vəkil Şəxs barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri özünün izahatı, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edildi ki, Şəxs hal-hazırda 8584 manat borcu var. İcra sənədində qeyd edilən borc məbləğindən heç bir məbləğ ödənilməyib. Ona borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, onun tərəfindən hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)- 268/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Göründüyü kimi sözügedən icra sənədinin mövcudluğundan xəbərdar olmasından və borclunun məhkəməyə gətirilməsindən keçən təxminən 7 ay ərzində də borclu tərəfindən hər hansı ödəniş edilməmiş, o cümlədən icra sənədini icra etməyə cəhd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar