Məhkəmə qərarları › İş №3(060)-1827/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1827/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1827/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1977-ci ildə Ermənsitan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə günorta saatlarında iş yoldaşı Zərərçəkmiş şəxs evindən oğurluq edərək sonuncuya 177 manat dəyərində əmlakını oğurlayaraq gizli talama etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi 5-ci Polis Bölməsinin sahə rəisi X5 bildirmişdir ki, Zərərçəkmiş şəxs ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə günorta radələrində onun yaşadığı Sumqayıt şəhəri, “Yaşıl Dərə” maasivində yerləşən fərdi yaşayış evinin həyətindən təxminən 125 kq ağırlığı olan, 27 manat dəyərində olan dam örtüyünü, evinin içərisindən isə 150 manat dəyərində kabeli oğurlayaraq ona 177 manat maddi ziyan vurulduğunu bildirmişdir. İş üzrə təhqiqat araşdırması aparılmış, hər iki şəxsin, həmçinin şahilərin izahatları alınmışdır. Aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığı müəyyən edildiyi üçün cinayət işinin başlnamasının rədd edilməsi barədə qərar qəbul edilmiş və inzibati araşdırma üçün material onun icraatına verilmişdir. Bu səbəbdən də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs 5-6 ildir ki, tanıyır. Bir müddət öncə yaşayış yeri olmadığı üçün Pərviz ona məxsus olan və özünün yaşamadığı evdə müvəqqəti yaşamasına icazə vermişdir. Bir neçə gün həmin evdə yaşamış və həmin müddət ərzində tanışı Nuranə adlı qadın da onunla yaşamışdır. Həmin xanım evdə səs-küy saldığı üçün qonşular arasında narazılıq olmuş, bu barədə Pərvizə iradlarını bildirmişlər. Bundan sonra Pərviz ona zəng edərək evdən çıxmasını tələb etmişdir. Pərvizin bu tələbindən sonra əmin evdən çıxmışdır. Lakin, iki-üç gün sonra Pərvizin razılığı və xəbəri olmadan həmin evin həyətinə gedərək orada olan 50 kiloqram dam örtüyünü götürmüşdür. Dam örütüyünü ona görə Pərvizə demədən götürmüşdür ki, həmin dam örtüyünün Pərvizə lazım olmadığını düşünmüşdür. Həmin dam örtüyünü metal qəbulu məntəqəsinə verərək 27 manat pul almışdır. Pərviz təsadüfən metal qəbulu məntəqəsində həmin dam örtüklərini gördüyü üçün onu həmin evə çağırıb iradını bildirmişdir. Evin yanına gedən zaman Pərviz evə daxil olaraq evinin də dağıdıldığını, orada olan kabellərin də oğurlanmasını bildirmişdir. O, Pərvizə kabel aparmadığını, yalnız dam örtüklərini apardığını bildirmişdir. Lakin, əvvəllər bir neçə dəfə oğurluğa görə məhkum edildiyi üçün Pərviz ona inanmamış və şikayət etmişdir. Hazırda dam örtükləri Pərvizin özünə qaytarılmışdır. Həmçinin bildirmişdir ki, Pərvizin evinin hasarı olsa da, həyətə daxil olmaq üçün darvaza olmamışdır. O, yalnız darvazası olmayan hasarın içrəsinə, yəni həyətə daxil olmuş və oradan dam örtükləri aparmışdır. Evə daxil olmamış və oradan heç nə oğurlamamışdır. Göstərilən halları, həmçinin peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs 5-6 ildir ki, tanıyır. Rəfaelin yaşayış yeri olmadığı üçün özünə məxsus Sumqayıt şəhəri, Yaşıldərə bağlar massvində yerləşən evində onun müvəqqəti yaşamasına icazə vermişdir. Lakin, bir neçə gün sonra qonşular zəng edərək Rəfaeldən şikayətçi olduqları üçün, sonuncuya zəng edərək evdən çıxmasını tələb etmişdir. Həmin vaxt gecə olduğu üçün Rəfael səhəri evdən çıxmış və açarı yaxınlıqda saxlamışdır. Bundan sonra Rəfaelə onun həyətinə və ya evinə gəlməsinə icazə və ya razılıq verməmişdir. Aradan iki-üç gün keçdikdən sonra metal qəbulu məntəqəsinə metal verərkən onun həyətində olan dam örtüklərini orada görmüş və başa düşmüşdür ki, onları Rəfael oğurlayaraq satmışdır. Ona görə də Rəfaelə zəng edərək öz iradını bildirmiş, dam ötüklərini isə öz pulu ilə yenidən alaraq həyətinə aparmışdır. xx.xx.2025-ci ildə Rəfaeli də həyətinə dəvət etmişdir. Bundan sonra evə daxil olan zaman evin içərisində suvağın altında olan kabellərin sökülərək oğurlanmasını, alçipanların yararasız vəziyyətə salınmasını və evinin dağıdılmasını görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, kabelləri də Rəfael onun icazəsi və razılığı olmadan evinə daxil olaraq oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 177 manat zərər dəymişdir. Belə ki, kabellərin dəyəri 150 manat, dam örtüyünün dəyəri isə 27 manat təşkil edir. Dam örtüyünü öz vəsaiti hesabına alıb qaytarsa da, kabelləri və digər zərəri aradan qaldırılmamışdır. Ona görə də şikayətçidir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs etdiyi əməldən peşmandır. Dəymiş ziyanı işləyib ödəməyə söz verir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı Elnur İmanov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci PB-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin əlamətləri olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə material Sumqayıt şəhər prokurorluğuna göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş təhqiqat sənədlərindən, həmçinin inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs həyətindən və evindən oğurlanmış əmlakın ümumi dəyəri 177 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs izahatlarında bildirmişlər ki, Şəxs əvvələr Zərərçəkmiş şəxs razılığı və icazəsi ilə onun evində yaşamışdır. Hər iki şəxs izahatlarında həmçinin bildirmişlər ki, oğurluq hadisəsi baş verən zaman Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun evinə və ya həyətinə daxil olmağa hər hansı razılıq və ya icazə verməmişdir. Təhqiqat araşdırması zamanı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərkən, həmçinin sahə rəisi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılarkən yalnız vurulmuş ziyanın miqdarı məsələsinə qiymət verilmiş, iddia edilən hadisə törədilərkən zərərçəkmiş şəxsə məxsus yaşayış sahəsinə və ya başqa saxlanc yerinə qanunsuz daxil olma məsələsinin olub-olmaması məsələsi araşdırılmamış və həmin hala müvafiq qiymət verilməmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün iş üzrə materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar