Məhkəmə qərarları › İş №3(060)-183/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-183/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-183/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Müsabi Cabbarovun, Zərərçəkmiş şəxs- X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1953-cü ildə Yardımlı rayonu, Şovut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 2 ünvanında X2 döyərək xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Müsabi Cabbarov protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində nəvələri ilə görüşmək üçün həmin ünvana gəlmiş, lakin gəlini X3 ona nəvələri ilə görüşməyə imkan yaratmamışdır. O, gəlinin bu davranışına görə əsəbiləşmiş və ona ciddi iradlarını bildirmiş və aralarında mübahisə yaranmışdır. Bu səbəbdən gəlini polisə şikayət vermək üçün mobil telefonu götürən zaman o, Ruhəngiz Ağayevaya maneə olmuş və telefonu onun əlindən almış, aralarındaki münaqişə daha da gərginləşmiş və bu zaman onun qolundan tutaraq mənzildən çıxarmışdır. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, o, zərərçəkmiş şəxs X3 ilə barışmışdır. Özünü təqsirli bilir, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində evdə olan zaman qayınatası Güləhməd yaşadığı ünvana gələrək heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt qayınatası onu nalayiq ifadələrlə təhqir edərək evdən qovmaqla hədələmişdir. O, qayınatasını nə qədər nizamintizama dəvət etsə də Güləhməd ona əhəmiyyət verməyib əməllərini davam etmişdir. Bir qədər mübahisə etdikdən sonra Güləhməd qəfildən üzərinə hücum çəkərək bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub qolundan tutaraq bloka çıxarmışdır. Blokda da bir qədər onu yerdə sürüyərək nalayiq ifadələrlə təhqir etməkdə davam etmişdir. O, özünü güclə Güləhmədin əlindən qurtarıb övladlarından özünəməxsus mobil telefonu gətirməsini və onun barəsində polis orqanlarına məlumat verəcəyini bildirmişdir. Bu zaman Güləhməd qəfildən mobil telefonu onun əlindən alaraq polisə məlumat verməyinə əngəl olmuş və telefonu cibinə qoyaraq iti addımlarla oradan uzaqlaşmışdır. Bundan sonra digər telefonla Azərbaycan Respublikası DİN-nin “102” xidməti mərkəzi zəng sisteminə baş vermiş hadisə barədə məlumat verərək ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ 1-ci PB-nə yaxınlaşıb ərizə ilə müraciətini bildirmişdir. Lakin hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir tələbi yoxdur. Ona görə də, icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarından və izahatlardan görünür ki, tərəflər barışmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar