Məhkəmə qərarları › İş №3(060)-1830/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1830/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1830/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1998-ci ildə Suqmayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-114/2022 saylı icra sənədinə əsasən Şəxs 3910 manat məbləğində pul vəsaiti və 24 manat dövlət rüsumu, cəmi 3934 manat məbləğində pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməldir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2022-ci il tarixdə borcluya təqdim edilmişdir. Borclu izahatında işləmədiyi üçün ödəniş etmədiyini bildirmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1143/2025 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda borclu icra idarəsində gəlməkdən yayınmış, bu səbəbdən xx.xx.2023-cü və xx.xx.2025-ci il tarixlərdə onun barəsində axtarış elan edilmişdir. Borclunun əmlak və gəliri müəyyən olunmamışdır. Borclu icra sənədi üzrə bu günədək ödəniş etməmiş, ona görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin, iş məhkəməyə daxil olduqdan sonra borclu 700 manat ödəniş etmiş, qalan borcun ödənilməsi ilə bağlı isə tələbkarla aralarında razılıq əldə edilmişdir. Borclunun hər hansı gəliri və ya əmlakı da müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, mobil nömrəsini dəyişdiyi üçün icra məmuru tərəfindən göndərilmiş SMS bildirişlər ona çatdırılmamışdır. Onun ailə problemləri olduğu üçün bu günə kimi icra sənədi üzrə ödəniş etməmişdir. Hal-hazırda icra sənədi üzrə 700 manat ödəniş etmişdir. Bu gün axşam saatlarında 300 manat, qalan borcun isə hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla aralarında razılıq əldə edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, hazırda borclu ilə aralarında razılıq əldə olunmuşdur. Belə ki, borclu hal-hazırda icra sənədi üzrə 700 manat ödəniş etmiş, axşam saatlarında 300 manat, qalan borcun isə hissə-hissə ödənilməsinə söz verir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edtmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədi üzrə qismən ödəniş etmiş, qalan borcu isə hissə-hissə ödənilməsi barədə tələbkarla arasında razılıq əldə edilmişdir. Bütün bu hallar isə borclunun əməlində hər hansı qərəzin olmamasını təsdiq edir. Göstərilən halları, yəni borclunun əməlində inzibati xəta tərkibinin olmamsını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-114/2022 saylı icra sənədindən görünür ki, Şəxs 3910 manat məbləğində pul vəsaiti və 24 manat dövlət rüsumu, cəmi 3934 manat məbləğində pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməldir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-114/2022 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, borclu Şəxs ona 700 manat ödəniş etmişdir. Qalan borc üzrə bu gün axşam saatlarında 300 manat məbləğində ödəniş olması, hər ay isə 200 manat ödəiş edilməsi barədə aralarında razılıq əldə edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-114/2022 saylı icra sənədinə əsasən Şəxs 3910 manat məbləğində pul vəsaiti və 24 manat dövlət rüsumu, cəmi 3934 manat məbləğində pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməldir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2022-ci il tarixdə borcluya tərtib edilmişdir. Borc üzrə hər hansı ödəniş olmadığı üçün icra məmuru tərəfindən İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətməsi göstərilməmiş, eləcə də onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə işin halları ilə müəyyən edilir ki, borclu ödəniş etməkdən qərəzli boyun qaçırmır, qismən ödənişlər etmiş və qalan borcun ödənilməsi ilə bağlı tələbkarla aralarında razılıq əldə edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan dörd zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamış, faktiki imkanının olmaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar