Məhkəmə qərarları › İş №3(060)-1833/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1833/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1833/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Vüqar Sultanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis leytenantı Vüqar Sultanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Sumqayıt şəhəri, Daş Bazarı ərazisində DYPŞ-nin əməkdaşlarının fəaliyyətinə mane olmuş və tabesizlik göstərmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Vüqar Sultanov bildirdi ki, icraatına xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİnin PPX-nin və DYPŞ-nin əməkdaşlarının raportu daxil olmuşdur. Raportda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Sumqayıt şəhəri, Daş Bazarı deyilən ərazidə DYPŞ-nin əməkdaşları xidmət aparan zaman bir avtomobil dönmə işığından istifadə etmədiyinə görə saxla işarəsi verilmiş, lakin o hərəkətini davam etdirərək avtomobili saxlamamış və tabesizlik göstərmişdir. Polis əməkdaşları avtomobilin arxasınca getmişlər və bu zaman sürücü Azər Baxışov avtomobili saxlayaraq düşüb qaçmışdır. Polis əməkdaşları onu tuta bilməmiş və avtomobilə yaxınlaşmışlar. Avtomobilin yanında olan sürücünün qardaşı Şəxs polis əməkdaşları ilə mübahisə edərək onların xidməti fəaliyyətinə maneçilik yaratmışdır. Bundan sonra PPX əməkdaşları çağırılmış və Şəxs PB-nə aparılmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, qardaşı ilə avtomobildə gedən zaman DYPŞ-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, qardaşı avtomobili saxlamayaraq sürmüş və sonradan avtomobildən düşüb qaçmışdır. Polis əməkdaşları onun yanına yaxınlaşaraq avtomobildə narkotik vasitənin olub-olmamasını soruşmuşlar və bu zaman o içkili olduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Sonra polis əməkdaşları tərəfindən PPX əməkdaşları çağırılmış və o PB-nə aparılmışdır. Əməlindən peşman olmasını və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:10 radələrində Sumqayıt şəhəri, Daş Bazarı deyilən ərazidə DYPŞ-nin əməkdaşları xidmət aparan zaman bir avtomobil dönmə işığından istifadə etmədiyinə görə saxla işarəsi verilmiş, lakin o hərəkətini davam etdirərək avtomobili saxlamamış və tabesizlik göstərmişdir. Polis əməkdaşları avtomobilin arxasınca getmişlər və bu zaman sürücü Azər Baxışov avtomobili saxlayaraq düşüb qaçmışdır. Onlar sürücü Azər Baxışovu tuta bilməmişlər. Bundan sonra avtomobilə yaxınlaşmışlar. Avtomobilin yanında olan sürücü Azər Baxışovun qardaşı Şəxs içkili vəziyyətdə olmuş, onlarla mübahisə etməyə başlamış və avtomobilin qapılarını bağlayaraq açarı onlara verməkdən imtina edərək onlara qarşı tabesizlik göstərmişdir. Bundan sonra PPX əməkdaşları çağırılmış, Şəxs PB-nə aparılmış, avtomobil isə hal şahidlərinin iştirakı ilə duracağa yerləşdirilmişdir. İş materiallarında olan A/1356 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibari qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində inzibati qaydada tutlmuş və xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, vəkilin çıxışını və şahidin ifadələrini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Şomal Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar