Məhkəmə qərarları › İş №3(060)-1833/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1833/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1833/2024 06.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1971-ci ildə Saatlı rayonu, Kirovkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayonu, Soltanabad Ərazi Dairəsi, Soltanabad kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhər Bulvar küçəsində olarkən yüksəklə ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Sumqayıt şəhəri Bulvar küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhər Bulvar küçəsində olarkən mobil telefonla danışarkən nalayiq ifadələr işlətdiyi və polisin qanuni tələbinə tabe olmadığına görə barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, polisin ünvanına nalayiq ifadə işlətməmişdir. xx.xx.2024-cü il tarixdə mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmədən onu polis bölməsinə dəvət etmişlər, onlardan kim olduqları ilə maraqlanmış, nə üçün PB-nə getməli olduğunu sual etmiş və sonra birlikdə PB-nə getmişdir, heç bir tabesizlik göstərməmişdir. Mart ayında məhkəmənin qərarı ilə 5 gün inzibati qaydada həbs edilmişdir. Hazlrda əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Aqil Cəfərli oğlu bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri Buıvar küçəsində vətəndaşın təhqiarmiz ifadələrlə uca səslə telefonla danışdığını eşitmiş, yaxınlaşıb özünü təqdim etmiş, etdiyi hərəkəti dayandırmasını bildirmiş, o, qanuni tələblərə məhəl qoymamış, həmin şəxsi 4-cü PB-nə gətirmişdir. Şəxsi polis bölməsinə dəvət edən zaman gəlmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs Saatlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, protokolu tərtib etmiş orqanın topladığı sübutları şübhə altına alınması üçün hər hansı əsas mövcüd deyildir, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsiri sübuta yetirilsə də, sanksiyası daha ağır hesab edilən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş və polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq polis qanuni tələbinə tabe olmayaraq maneə yaratmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin izahatı özünümüdafiə xarakteri daşıyır, onun daha əvvəl oxşar inzibati qaydanın pozulmasına görə məsuliyyətə cəlb edilməsinə baxmayaraq əməlinin qayda pozuntusu olmasından nəticə çıxarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs 05 avqust 2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuş, 06 avqust 2024-cü il tarixdə saat 11:00-da azad edilmişdir. Lakin Şəxs məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X3rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək o, həmin Məcəllənin 34.3-cü maddəsinə uyğun olaraq 30 (otuz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar