Məhkəmə qərarları › İş №3(060)-1836/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1836/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1836/2022 06.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Cavid Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Burosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, gecə saatlarında X3 məxsus 6 metr 400 manat dəyərində olan kondisionerin borusunu oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Cavid Məmmədov tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, gecə saatlarında X3 məxsus 6 metr uzunluğunda mis naqil və boruları oğurlayaraq, X3 400 manat dəyərində ziyan vurmuşdur. Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Mustafa Mustafazadə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və həmin fakt üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğundan inzibati xəta törətmiş şəxsin (şəxslərin) müəyyən edilib inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt Şəhər Pİ-nin 3-cü PB-nə göndərilmişdir. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədildiyi məlum olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta törədən Şəxs mütamadi oğurluq əməlləri ilə məşğul olduğunu nəzərə alaraq ona inzibati həbs tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığından pula ehtiyyacı olduğu üçün xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 6-cı mikr, ev 35 mən 40-a məxsus blokda divara bərkidilmiş təxminən 5-6 metr uzunluğunda kondisionerin mis borularını özündə olan kəlbətinlə kəsərək oğurlamışdır. Həmin mis boruları Corat bağları ərazisində tanımadığı şəxsə 18 manata satmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı mənzilə- Sumqayıt şəhəri, 6-cı mikr, ev 35 mən 40-a məxsus bloka məxsus kondisionerin 6 metr uzunluğunda mis boruları naməlum şəxs tərəfindən oğurlanmışdır. O baş verən oğurluq hadisəsi ilə əlaqədar 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Şəxs ona dəymiş ziyanı geri qaytarmamışdır. Qeyd edir ki, səhhəti ilə bağlı məhkəmə zalında keçirilən iclasda iştirak edə bilmir. Qeyd olunanların nəzərə alınaraq onun iştirakı olmadan işə baxılmasını xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 iyul 2022-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 iyul 2022-ci il, saat 02:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar