Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-184/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanında X2 döyərək xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PBnin sahə rəisi polis kapitanı Nümayəndə protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, xalası oğlu X4 ilə 2006-cı il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nigahlarından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. Ailə həyatı qurduqları vaxtdan etibarən həyat yoldaşı Yusif və onun valideynləri heç bir səbəb olmadan mütəmadi olaraq yaşadıqları ünvanda onula mübahisə və münaqişələr yaratmış, hələ bu azmış kimi həyat yoldaşı Yusif bir neçə dəfə onu döyərək xəsarətlər belə yetirmişdir. Lakin hər dəfəsində ailəsi dağılmasın deyə həyat yoldaşı Yusif və onun valideynlərinin əməlləri barədə polis orqanlarına məlumat verməmişdir. Bir müddət sonra həyat yoldaşı Yusif Rusiya Federasiyasına işləmək üçün getmiş və orada başqa biri ilə ailə həyatı quraraq yaşamışdır. Bu səbəbdən ondan boşanmaq qərarına gələrək 2022-ci ilin iyun ayında Sumqayıt Şəhər Məhkəməsinə boşanma iddiası ilə müraciət etmişdir. Hal-hazırda onların Sumqayıt Şəhər Məhkəməsində boşanma prosesləri davam edir və o övladları ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində evdə olan zaman qaynatası Güləhməd yaşadığı ünvana gələrək heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt qaynatası onu nalayiq ifadələrlə təhqir edərək evdən qovmaqla hədələmişdir. O qaynatasını nə qədər nizam-intizama dəvət etsə də Güləhməd ona əhəmiyyət verməyərək əməllərini davam etdirmişdir. Bir qədər mübahisə etdikdən sonra Güləhməd qəfildən üzərinə hücum çəkərək bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub qolundan tutaraq bloka çıxarmışdır. Blokda da bir qədər onu yerdə sürüyərək nalayiq ifadələrlə təhqir etməkdə davam etmişdir. O özünü güclə Güləhmədin əlindən qurtarıb övladlarından özünəməxsus mobil telefonu götürməsini və onun barəsində polis orqanlarına məlumat verəcəyini bildirmişdir. Bu zaman Güləhməd qəfildən mobil telefonu əlindn alaraq polisə məlumat verməyinə əngəl olmuş və onu cibinə qoyaraq iti addımlarla oradan uzaqlaşmışdır. O Güləhmədi vurmamışdır. Göstərdiklərini nəzərə alaraq icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, övladı X5 xalası qızı Şəxs ilə 2006-cı il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nigahlarından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. Onlar ailə həyatı qurduqları vaxtdan etibarən mehriban yaşamışlar, bu vaxta qədər gəlini Ruhəngiz bir dəfə də olsun nə onunla, nə də ki, ailə üzvlərinin hər hansı bir üzvü ilə kobud rəftar etməmişdir. Onların rahat yaşaması üçün hətta o qızına məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən evi sataraq onlara Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində 2 otaqlı mənzil alıb orada yerləşdirmişdir. Oğlu Yusif ailələrində baş verən bəzi şəxsi problemlərlə bağlı olaraq Rusiya Federasiyasına getmək məcburiyyətində qalmışdır. O getdikdən sonra gəlinləri Ruhəngizin onlara qarşı olan münasibəti tamamilə əks yönə dəyişmiş, hələ bu azmış kimi Ruhəngiz boşanma qərarına gələrək Sumqayıt Şəhər Məhkəməsinə boşanma iddiası ilə müraciət etmişdir. Evdə olan zaman həyat yoldaşının səhhətinin normal olmadığını görərək səbəbini ondan soruşan zaman həyat yoldaşı Səmayə Ruhəngizin nəvələrini ona göstərməməsini, hətta onun ora gedən zaman həyat yoldaşına hədə-qorxu gəlməsini bildirmişdir. Bu səbəbdən o xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində onun övladları ilə yaşadığı ünvana getmişdir. Nəvələri ilə görüşdükdən sonra Ruhəngizlə qaynata və gəlin kimi yox, əksinə olaraq ata və övlad kimi danışmaq istəmişdir. Lakin Ruhəngiz bu zaman qəfildən heç bir səbəb olmadan uca səslə üstünə qışqırıb mübahisə etməyə başlamışdır. O Ruhəngizi nə qədər sakitləşdirməyə çalışsa da Ruhəngiz ona əhəmiyyət verməyərək əməllərini davam etdirmişdir. Ruhəngiz öz övladlarına mobil telefonunu gətirmələrini və barəsində polis orqanlarına yanlış məlumat vermək istəməsini görüb ona polisə məlumat verməməsini bildirərək şəxsən özü polis bölməsinə gedib baş vermiş hadisə barədə məlumat verəcəyini bildirmişdir. Daha sonra telefonu Ruhəngizdən götürərək evdən çıxmaq qərarına gəlmişdir. Lakin Ruhəngiz qapıdan bərk tutaraq onun bayıra çıxmasına mane olmuş, dartışmışlar, dartışma zamanı onun sağ əlinə və digər yerlərinə xəsarət yetirilmişdir. Amma Ruhəngiz onu qəsdən vurmamışdır. Buna görə də onun barəsində ciddi tədbir görülməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli qərara əsasən toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan MTE-nın 1829 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:sağ əlin və həmin əlin İİ barmağının sıyrıqları, sağ bazu-çiyin oynağı nahiyyənin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin X1 özü-özünə yetriməsi, həmçinin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi döyməsi, yəni ona qəsdən fiziki ağrı yetirməsi, onu qəsdən vurması təsdiq edilmədi. Zərərçəkmiş şəxsdə olan xəsarətlər qarşılıqlı dartışma zamanı baş vermişdir və bu döymə kimi qiymətləndirilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114-115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-184/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-184/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver