Məhkəmə qərarları › İş №3(060)-1841/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1841/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1841/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X2, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra sənədi üzrə borclu şəxs) – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Çelyabinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, X5 qəsəbəsi, K.Kərimov küçəsi, ev 17, mənzil 38 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 24 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6093/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2590 AZN aliment borcu yaranmışdır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6093/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-895/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi Sumqayıt şəhər üzrə İcra İdarəsinin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Borclunun 2590 manat aliment borcu yaranmış, bu gün 590 manat ödəniş etmiş, 2000 manat borcu qalmışdır. Tələbkar bununla razılaşmır, 1500 manat ödəniləcəyi halda razılığa gələcəyini bildirir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, ayda 400 manat alimenti və 100 manat da borcdan ödəyə bilər. Anası xəstə olduğundan ödəyə bilməmişdir. Bundan əvvəl də ödənişlər etmişdir, yenə də ödəyəcəkdir. Məhkəmədən vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil borclu şəxs ikinci dəfə ailə həyatı qurmuşdur, himayəsində azyaşlı övladları vardır, ödəniş edəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs bildirdi ki, borclu sex müdiridir, ustaları vardır, həyat yoldaşı da müğənnidir. Hazırda 1500 manat ödəniş edərsə qalan məbləğin də hissə-hissə ödənilməsinə razıdır. Əks halda borclunun həbs edilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6093/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-895/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2025-ci il tarixdə 730919 saylı axtarış işi açılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, hazırda inzibati məsuliyyətə cəlb edilməsi əsası onun məhkəmə qərarının qəsdən icra edilməməsi ilə bağlıdır. Məhkəmə almentlə əlaqədar tutulmaların hər ay ödənilməsini zəruri şərt hesab edir. Belə ki, alment məhz hər ay uşağın zəruri ehtiyaclarının qarşılamasına yönəlir və məhkəmə qərarının vaxtında icra edilməməsi uşağı minimal tələblərindən məhrum edir. İcra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq ödəniş etmədiyini, icra sənədinə əsasən borcunun yaranması, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 iyul 2025-ci il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar