Məhkəmə qərarları › İş №3(060)-1844/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1844/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1844/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Şahmar Qəhrəmanovun, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, Sumqayıt şəh., Yat-14, otaq 62, məhəllə 42 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 76-cı məh., ev 193a ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ucadan küçə söyüşləri söyərək təhqir etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Şahmar Qəhrəmanov məhkəmə iclasında bildirdi ki, Şahid xx.xx.2023-cü il tarixdə saat 15:59-da DİN-nin “102” qaynar xəttinə zəng edərək əvvəlcədən tanıdığı Şəxs mütəmaidi olaraq yaşadıqları ünvanın həyətinə gələrək qızı Zərərçəkmiş şəxs söyüb-təhqir etmiş, ölümlə hədələrmişdir. Müraciətlə əlaqədar olaraq Sumqayıt ŞPİ 4-cü PB-nin təhqiqatçısı Vüsal Quliyev tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs yerinin müəyyən edilərək barəsində AR İXM-nin 510-cu maddəsinə əsasən tədbir görülməsi üçün ona həvalə edilmişdir. Nə təhqiqat zamanı nə də özü tərəfindən araşdırılma aparılarkən Şəxs izahatı alınmamışdır. Tərəflər arasında münaqişə 04 iyul 2023-cü il tarixdə baş vermişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olsa da bir ailə kimi dörd il münasibətləri olmuş, təxminən səkkiz ay bundan əvvəl aralarında olan münasibətləri pozulmuşdur. O, Sumqayıt şəhərində olduğu müddətdə demək olar ki, bütün günü Zərərçəkmiş şəxs görmək üçün onun yaşadığı məhəlləyə getsə də, ona qarşı heç bir nalayiq ifadə işlətməmişdir. İş materiallarında qeyd olunanların hamısı yalandır. Zərərçəkmiş şəxs və onun anası Şahid polisə müraciət etməsinin əsas səbəbi onun qorxudulması ilə bağlıdır. O, heç bir zaman Aygünə qarşı nalayiq ifadə işlətməmiş, onu təhqir etməmişdir. Bundan başqa bildirir ki, o, iyul ayının dördü tarixində Sumqayıt şəhərində olmamışdır. Belə ki, o, Füzuli rayonunda işğaldan azad edilənərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin aparımasında işləyir, iyul ayının 7-də Sumqayıt şəhər məhkəməsində barəsində aparılan cinayət işi ilə əlaqədar həmin ayın 6-da Sumqayıt şəhərinə gəlmiş, iyul ayının 8-i yenidən Füzuli rayonuna qayıtmışdır. Həmin tarixdən öncə iyul ayının 1-də Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsindən görmüşdür. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, onun Şəxs ilə təxminən dörd ilə yaxın münasibəti olmuşdur. O, son zamanlarda Elməddin ilə aralarında olan münasibətə son qoymaq istəmiş, lakin sonuncu bununla razılaşmamışdır. Bu səbəbdən onlar arasında mübahisələr baş vermişdir. Elməddin ona həm sosial şəbəkə həm də zəng vasitəsi ilə əlaqə yaradaraq təhqir etmiş, onu öldürməklə hədələmişdir. Bundan başqa Elməddin onu küçədə görən zaman arxası ilə qaçmış, yenə də onu öldürəcəyi ilə hədələmiş, hətta bir dəfə boğazından yapışanda yanında olan dostu onları ayırmışdır. Anası tərəfindən edilmiş şikayətlə bağlı Elməddinin onu hansı tarixdə təhqir etməsini xatırlamır. Raporta qeyd olunan xx.xx.2023-cü il tarixdə Elmedinin onların yaşadığı məhəlləyə gələrək onu narahat etməsini xatırlamır. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı ilə Şeydayev arasında olan sevgi münasibətdən xəbəri olmuşdur. Son zamanlar qızı Aygün Elməddinlə aralarında olan münasibətə son qoymaq istəsə də, Elməddin razılaşmamış və qızından əl çəkməmişdir. O, qızını narahat etməməsi ilə bağlı dəfələrlə Elməddinə öz iradını bildirmişdir. Buna baxmayaraq Elməddin buna məhəl qoymamış, hətta ona da xəsarət yetirmişdir. Elməddinin əlindən qızı Aygün çölə çıxa bilmir. Belə ki, Şəxs qızını görən anda ona yaxınlaşaraq, onu təhqir edir. Buna görə bütün qonşular içərisində biabır olmuşlar. İyul ayının 4-ü tarixində DİN-nin 102 qaynar xəttinə şikayət etmişdir. Lakin hadisənin tam olaraq nə zaman baş verməsini dəqiq xatırlamır. Onun əsas məqsədi Şəxs qızı Aygünü narahat etməsi ilə bağlı tədbir görülməsi olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, Şahid xx.xx.2023-cü il tarixdə saat 15:59-da DİN-nin “102” qaynar xəttinə zəng edərək əvvəlcədən tanıdığı Şəxs mütəmaidi olaraq yaşadıqları ünvanın həyətinə gələrək qızı Zərərçəkmiş şəxs söyür-təhqir edərək, ölümlə hədələdiyini bildirmişdir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs yerinin müəyyən edilərək barəsində AR İXM-nin 510-cu maddəsinə əsasən tədbir görülməsi üçün Sumqayıt ŞPİ 4-cü PB-ə həvalə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxs və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu protokol və sənədlərə qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır. Bundan başqa inzibati xəta haqqında protokolda hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyi qeyd olunsa da, məhkəmə istintaqı zamanı Şahid hansı tarixdə baş vermiş hadisə ilə “DİN” 102 xidmətinə müraciət etməsinə müəyyən etmək mümkün olmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd olunan normasını rəhbər tutaraq sahə inspektorunun ittihamı tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş və ya məhkəmə iclasında təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar