Məhkəmə qərarları › İş №3(060)-1844/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1844/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1844/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Səftərli Ağamir Mirağa oğlunun iştirakı ilə, Səftərli Ağamir Mirağa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından Səftərli Ağamir Mirağa oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Səftərli Ağamir Mirağa oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onu xx.xx.2025-ci il saat 13:35-də Sumqayıt şəhəri, Koroğlu küçəsində saxlayaraq avtomobilini cərimə meydançasına sürməsi tələb olunmuş, o isə səbəbini soruşmuşdur. Onun avtomobili Opel Astra F modeldir və onun üzərində zavod “tuqası” var. Bu tuqanın üzərinə çıxıntısı olmayan dəmir bərkitmişdir. Bunu ona konstruksiya pozuntusu kimi bildirilmişdir. O, 163 nömrəli Sumqayıt Yol Polis əməkdaşı ilə razılaşmayaraq, əgər qayda pozuntusudursa dəmiri yerində açıb aradan qaldıracağını bildirmişdir. YPX əməkdaşı onun icazəsi olmadan avtomobilin açarını götürərək özü nəqliyyat vasitəsini idarə edərək cərimə meydançasına aparmışdır. O isə 902 və 961 nömrələrinə zəng edərək şikayət etmişdir. Onu qanunsuz olaraq saat 6-ya kimi orada saxlamışlar və İXM-nin 342.5 və 327.2 maddələrinə görə cərimə yazmışlar. TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş Səftərli Ağamir Mirağa oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, O, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkət etdiyi zaman dönmə hərəkəti edib-etməməsi ilə bağlı qərar verdiyi zaman YPX əməkdaşı tərəfindən ona “dön və saxla” əmri verilmişdir. Bundan sonra avtomobili əmri icra etmişdir. Həmin yolda 1 aya yaxındır təmir tikinti işləri gedir və həmin yol üzərində olan nişanlanma xətləri görünmür. Polis tərəfindən saxlanılmazdan əvvəl dönmə işığını yandıraraq gözləmiş, lakin hərəkətini davam etdirməmişdir. Avtomobilini saxladıqdan sonra polis əməkdaşı ona yaxınlaşaraq nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi etdiyini və avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. O, həmin konstruksiya dəyişikliyini yerində aradan qaldıra biləcəyini bildirməsinə baxmayaraq polis əməkdaşı sükanın arxasına keçərək özü avtomobili cərimə meydançasına aparmışdır. Onu orada uzun müddət saxlamışlar və o, buna görə də DİN-ə və prokurorluq orqanlarına şikayət etmişdir. Bundan sonra şikayəti ilə bağlı onu polis idarəsinə dəvət etmişlər. O, hesab edir ki, heç bir qayda pozuntusu etməmişdir. Qərarla razılaşmır. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Səftərli Ağamir Mirağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.5-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə – yüz manat məbləğində cərimə edilir.” - 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə– əlli manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun: - 30-cu maddəsinin 5-ci hissəsinə əsasən “istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir.” Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. - 36-cı maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə “Opel Astra minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Səftərli Ağamir Mirağa oğlu, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək dönmə əməliyyatı edərək, həmçinin xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismar edərək yol hərəkəti qaydalarını pozmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş hadisəni özündə əks etdirən görüntülərin olduğunu diskə baxış keçirilən zaman Səftərli Ağamir Mirağa oğlu tərəfindən inzibati xətanı törətməsini bir daha öz təsdiq etmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Səftərli Ağamir Mirağa oğlu hazırda barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə həmin protokolun düzgünlüyü qənaətinə gəlir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, Səftərli Ağamir Mirağa oğlunun inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Səftərli Ağamir Mirağa oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Səftərli Ağamir Mirağa oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Səftərli Ağamir Mirağa oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Dövlət Yol Polisi Şöbəsi tərəfindən Səftərli Ağamir Mirağa oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar