Məhkəmə qərarları › İş №3(060)-1845/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1845/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1845/2024 07.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs-X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonu, Kürd Mahruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27, mənzil 39-da yaşayan Şəxs ( şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində 07 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 07 radələrində 10-cu mikrorayon, Bəyaz restoranın qarşısında X5 boğaz nahiyyəsindən xəsarət yetirərək onu döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1ci polis bölməsinin sahə rəisi polis kapitanı X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Bəyaz şadlıq sarayının yaxınlığında X8 qəsdən döyərək AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, o, özünə məxsus Mercedes Vita markalı mikro sərnişin avtobusu ilə sərnişindaşıma xidməti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Bəyaz şadlıq sarayının yaxınlığında əvvəllər tanıdığı Asif adlı şəxs avtomobili onun maşının sol tərəfində saxlayaraq nəsə əl qol işarələri etdi. O, da Asifə yaxınlaşaraq əl qol hərəkət etməsinin səbəbini soruşmuşdur. Asif cavabında onu maşınla sağ hissədən sıxaraq qəza şəraiti yaratması barədə irad bildirsə də, aralarında əvvəllər tanışlıq münasibəti olduğu üçün çox mübahisə etmədən aralanmışlar. Həmin vaxt Asifin maşınında olan sonradan Asifin həyat yoldaşı olduğunu bildiyi xanım onun maşının arxa şüşəsini sındırmışdır. O, bu barədə 102 xidmətinə məlumat vermiş və onlar polis əməkdaşlarının dəvəti ilə bölməyə aparılmışlar. Mübahisə olunan zaman o, Asifə qarşı heç bir fiziki zərər vurmamış onu döyməmişdir. Qeyd olunanları nəzərə alaraq, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində həyat yoldaşı X1 ilə evdən çıxıb idarə etdiyi Toyota Pirus markalı avtomaşınla Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisi ilə hərəkətdə olduğu zaman Bəyaz şadlıq sarayının yaxınlığında olan dayanacağın qarşısına çatdıqda əvvəllər tanıdığı Cavadov X6 Benz Vito markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə sağından ötmə edərək dayanacaqda saxlayaraq, ona qəza şəraiti yaratmış, o, avtomaşını sol tərəfinə verərək əli ilə Fuada işarə edərək nə üçün qəza şəraiti yaratması ilə bağlı iradını bildirmiş və avtomaşından düşmədən avtomaşını təxmini sürüb 20 metr uzaqlaşmışdır ki, Fuad avtomaşını ilə qarşısını kəsib və avtomaşından düşərək onun yanına gəlmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. O, Fuada iradını bildirsə də, Fuad əli ilə onun yaxasından tutub boğazından xəsarət yetirmişdir. Bu vaxt həyat yoldaşı Xeyransa avtomaşından düşüb avtomaşında olan çəliyini götürüb Fuadın avtomaşının arxa şüşəsinə vurmuş, sonra avtomaşına oturub getmişlər. Hazırda inzibati xəta törətmiş şəxslə barışmadığını və barəsində müvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs və Şəfiyeva Xeyransa qızının əməlində cinayət tərkibi olmadığından barəsində AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyindən müəyyən olunur ki, vət. X4 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boynun, sağ körpüsükaltı nahiyyənin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti 1 günə qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, zərərçəkmişin izahatı, xx.xx.2024-cü il tarixli, MN seryalı ******* saylı inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə araşdırılan işin halları ilə təkzib edilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar