Məhkəmə qərarları › İş №3(060)-1846/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1846/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1846/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, X2 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Yardımlı rayonu, Vəlixanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, “X8” MMC-də bağban vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X3 tərəfindən 02 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qarşısında saat təxminən 11:40 radələrində Zərərçəkmiş şəxs söymüşdür. Bununla da ictimai qaydanı pozmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi X3 izahatında göstərdi ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt Məhkəmə Kompleksinin qarşısında saat təxminən 11:40 radələrində Zərərçəkmiş şəxs söyərək ictimai qaydanı pozmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun keçmiş əridir. Şəxs xx.xx.2023-cü il tarixdə məhkəmədən çıxandan sonra Sumqayıt Məhkəmə Kompleksinin qarşısında saat 11:40 radələrində onu söyərək təhqir etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadır. Məhkəmədə mülki mübahisələri var. xx.xx.2023-cü il o Zərərçəkmiş şəxs söyərək təhqir etməmiş, əksinə Zərərçəkmiş şəxs onu söyərək təhqir etmişdir. Qeyd olunanların nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməl ictimai qayda əleyhinə olan inzibati xətalar fəslinə aiddir və yalnız ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən bu cur hərəkətlərə görə inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, təhqir özü-özlüyündə bir mənalı olaraq ictimai qaydanı pozma kimi qiymətləndirilməməlidir. Bu xarakterli inzibati xətalarda əməlin hansı məqsədlə və niyyətdə törədilməsinin müəyyənləşdirilməsi subyektiv baxımdan, belə hüquqpozmaların tövsüfünə bir başa təsir edir. Xuliqanlıq hüquqpozmalarında yol verilən hərəkətlər şəxsi münasibətlər zəmnində, qarşılıqlı münaqişə, konflikt nəticəsində deyil, mənəmmənəmlik, müştəbehlik, özünün ətrafdakıların fövqünə qoyma səbəbindən törədilir. Digər tərəfdən, şəxsi münasibətlər zəminində baş verən təhqir xarakteri daşıyan hüquqpozmaların təhqirin formasından, xarakterindən, edilmə şəraitindən aslı olaraq digər hüquqi tənzimləmə mexanizimləri var. Məsələn, cinayət xarakterli olduqda xüsusi ittiham qaydasında, mülki xarakterli olduqda şərəf və ləyaqətin alçaldılması üzrə və.s. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yenə həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün MN № ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar