Məhkəmə qərarları › İş №3(060)-1848/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1848/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1848/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6598053 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6598053 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi “DAİMLER CHRYSLER E270CDİ” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində işıqforun hərəkətin qadağan edici qırmızı işığında dayanmış, daha sonra avtomobilin sola dönmə işığını yandırmış, işıqforun yaşıl işığı yandıqdan sonra onun sağ cinahında hərəkətdə olan avtomobillərə yol vermiş və qarşıdan gələn hərəkət zolağından sağa, 1-ci hərəkət zolağına daxil olan avtonəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmayaraq yol kəsişməsindən sola dönmüş və hərəkətini davam etdirmişdir. Hərəkətdə olan zaman DYP əməkdaşı idarə etdiyi xidməti avtomobili ilə ona yaxınlaşaraq idarə etdiyi avtomobili yolun sağına çəkərək hərəkəti dayandırmağını bildirmişdir. DYP əməkdaşı onun yolayrıcını keçmə qaydalarını pozması ilə əlaqədar saxlanıldığını bildirmişdir. O, isə öz növbəsində etiraz etməsinə baxmayaraq sonradan ona sübut təqdim etmədən barəsində qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş (yolayrıcını keçmə qaydalarının pozulması) inzibati xəta haqqında protokol tərtib etmişdir. YPX əməkdaşı onu İXP6383920 saylı inzibati xəta haqqında protokolla tanış etməmişdir. Protokolla tanış olmamasına və imza etməməsinə baxmayaraq protokolu imzalı “Qərarlı” statuslu protokol kimi sistemə daxil etmiş, beləliklə qulluq mövqeyindən istifadə etməklə məqsədyönlü şəkildə onun iştirakı olmadan qərar qəbul edərək qanunla qorunan hüquqlarını pozmuşdur. O, YPX əməkdaşına protokolu “QƏRARSİZ” qəbul etməsinə, aidiyyəti üzrə şikayət edəcəyini bildirməsinə və əməkdaşın “oldu” deməsinə baxmayaraq inzibati xəta haqqında protokolu “QƏRARLİ” tərtib etmişdir. Aralarında dialoq onun tərəfində reqistrator vasitəsi ilə çəkilərək diskə yazılmışdır. O, xx.xx.2024-cü il tarixli İXP6383920 nömrəli protokol əsasında İXM-nın 327.2-ci maddəsinə əsasən xx.xx.2024cü i tarixli, TP6598053 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ilə 80 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. O, YPX əməkdaşının qanunsuz hərəkəti barədə DİN-nin 102 qaynar xəttinə müraciət etmişdir. Onun müraciətinə bu vaxta qədər baxılmamışdır. YPX əməkdaşı qanunun tələblərini və Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını kobud şəkildə pozaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hesab edir ki, İXM-nin 327.2-ci maddəsi ilə barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6598053 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməli, inzibati işə xitam verilməlidir. Onun tərəfindən hər hansı yol nişanlarının tələbləri pozulmamışdır. Məhkəmə iclasında iştirak edən X3 Uğur oğlu ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X4 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6598053 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP6598053 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, X5 həmin tarixdə “DAİMLER CHRYSLER E270CDİ” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan video görüntülərdən görünür ki, “DAİMLER CHRYSLER E270CDİ” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin avtomobili Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində idarə edərkən qarşıdan gələrək sağa dönən (şikayətçiyə münasibətdə isə sola dönən) və hərəkət üstünlüyünə malik olan avtomobillərə yol verməli olduğu halda həmin avtomobillərdən yalnız biri dönmə əliyyatını icra etdikdən sonra, digərlərini gözləmədən sola dönmüşdür. Bundan sonra YPX inspektoru tərəfindən saxlanılmış, sürücü inzibati xəta hadisəsini etiraf etməyərək protokol tərtib edilməsini tələb etmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “DAİMLER CHRYSLER E270CDİ” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasa da, YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinin tələbləri gözlənilmədən sürücü barəsində birbaşa inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində birbaşa inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarıla bilməzdi və bu halda inzibati xətanı aşkar etmiş səlahiyyətli vəzifəli şəxs, yəni YPX inspektoru inzibati xəta haqqında protokol tərtib etməli idi. Belə ki, Azərbaycan Respublikası İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X4 tərəfindən xx.xx.2024-cü il tarixli TP6598053 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6598053 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar