Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1848/2025 25.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobil üzərində qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı X1 şikayətinə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək ona məxsus “Renault Megane” markalı **- HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Renault Megane” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün X2 etibarnamə vermiş və sonuncu avtomobili idarə edən zaman yol verdiyi inzibati xətalara görə barəsində inzibati tənbeh tətbiq etmə barədə qərarlar qəbul edilmişdir. Həmin şəxsə verdiyi etibarnaməni ləğv etmiş və avtomobilini geri almışdır. Qeyd edilən cərimələrə görə DYP əməkdaşları tərəfindən saxlanılır və cərimə ondan tələb edilir. Halbuki həmin inzibati xətanın subyekti o deyil, inzibati xətanı törətmiş şəxs X3r, cərimənin ödənilməsi də həmin şəxsdən tələb edilməlidir. Başqa şəxsin barəsində olan cərimələrə görə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobilinin üzərinə məhdudiyyət qoyulmuşdur, həmin cərimələrə görə öz əmlakından istifadə edə bilmir, bu isə onun konstutision hüquqlarının pozulması deməkdir. Məhdudiyyətin götürülməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlər etsə də, bir aydan çox müddət keçməsinə baxmayaraq ərizələrinə cavab verilməmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında qərardan şikayət və protest vermək hüququ müəyyən edilmişdir. Şikayət vermək hüququ olan şəxslər kimi barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin İXM-in 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxslər müəyyən edilmişdir. İndiki halda inzibati tənbeh vermə haqqında qərardan deyil, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətlərindən şikayət verilərək nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən məsələyə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraat qaydalarına uyğun rayon (şəhər) məhkəmələrində baxıla bilməz, həmin məsələyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş inzibati məhkəmə icraatı qaydasında aidiyyəti inzibati məhkəmədə baxılmalıdır. Belə ki, hazırda mübahisələndirilən məsələ inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsi və həmin qərardan şikayətlə bağlı deyil, cərimə növündə inzibati tənbehin icra edilməməsinə görə səlahiyyətli dövlət orqanının publik səlahiyyətlərindən istifadə etməklə nəqliyyat vasitəsi üzərinə məhdudiyyət qoyması (nəliyyat vasitəsinin saxlanılması barədə qərar) ilə bağlıdır. Həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qaydada qəbul edilmiş hər hansı inzibati tənbeh tətbiq etmə barədə qərar deyil, həmin qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edilmiş inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edilmiş inzibati aktın isə məhkəmə qaydasında mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İnzibati məhkəmələrdə mümkündür. İndiki halda nəqliyyat vasitəsi üzərinə məhdudiyyət qoyması (nəliyyat vasitəsinin saxlanılması barədə qərar) inzibati tənbeh tətbiq etmə barədə qərar deyil, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qəbul edilmiş inzibati aktdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobil üzərində qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı X1 şikayəti geri qaytarılmalı və şikayətçiyə qeyd edilən məsələ ilə bağlı İnzibati Məhkəməyə müraciət etmə hüququnun olması izah edilməldir. İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobil üzərində qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı X1 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qeyd edilən məsələ ilə bağlı aidiyyəti İnzibati Məhkəməyə müraciət etmə hüququnun olması X4 izah edilsin. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1848/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1848/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver