Məhkəmə qərarları › İş №3(060)-1849/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1849/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1849/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd edilən protokollar məhkəmənin qərardadı ilə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 1ci Polis Bölməsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün PB-nə dəvət edilən zaman polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və tabesizlik göstərmişdir. Daha sonra onu saxlamağa müvəffəq olmuşlar və məcburi şəkildə 1-ci Polis Bölməsinə aparmışlar. Müayinə zamanı Şəxs narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Şəxs əvvəllər məhkum olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları ona narkotik vasitədənin istifadəsində şübhəli olduğunu bildirmişlər. Buna görə də onun Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinə dəvət etmişlər. Bu zaman o, tabesizlik göstərmiş və bölməyə getmək istəməmişdir. Lakin, polis əməkdaşları onu məcburi qaydada bölməyə gətirmişlər. Bölmədən onu tibbi müayinəyə aparmışlar və müayinə zamanı narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Belə ki, o, həmin gün narkotik vasitə olan marixuana istifadə etmişdir. Himayəsində bir azyaşlı uşağı var. Göstərilən halları nəzərə alaraq barəmdə inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 23 iyul 2025-ci il tarixli sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs götürülmüş nümunədə onun narkotik vasitə olan marixuana qəbul etməsi aşkar edilmişdir (THC). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4420 saylı rəydən görünür ki, Şəxs aparılan sidik analizi nəticəsində marixuana qəbulu faktı THC (+) aşkar olunmuşdur. Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıqsindromu (narkomaniyaxətəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik etmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 23 iyul 2025-ci il tarixdə saat 17:30-da tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 14:00-da azad edilmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs evli olmaqla onun xx.xx.2011-ci il təvəllüdlü bir uşağı var. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin narkotik vasitədən istifadə etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlləri etieaf etməsini və evli olmaqla bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinərək həmin Məcəlləinin 206-cı maddəsi ilə barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməli və inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu 23 iyul 2025-ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası inzibati həbs və şəxsin məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinə əsasən 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəlləinin 206-cı maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 23 iyul 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və Şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regoonal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar