Məhkəmə qərarları › İş №3(060)-1851/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1851/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1851/2022 13.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Qaralar Ə/D, Kavdadiq kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 40-cı məhəllə, fərdi evdə yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində polis əməkdaşlarına qarşı mübahisə edərək nəlayiq küçə söyüşləri söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis mayoru X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsiri bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində hərəkətdə olarkən motosiklet idarə edən şəxs ona niyə yol vermədiyini demiş, bu zaman aralarında mübahisə başlamışdır. O əsəbləşib həmin şəxsə qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra həmin şəxs vəsiqəsini təqdim edərək polis əməkdəşı olduğunu bildirmişdir. Bu zaman digər polis əməkdaşları da onlara yaxınlaşmış onu polis bölməsinə aparmışlar. Həmin vaxt əsəbi olduğundan polislərlə bölməyə getməkdən imtina etmişdir. Hazırda əməlindən peşmandır, ona görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin polis əməkdaşı X3 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt şəhərində baş vermiş cinayət hadisəsi ilə əlaqədar olaraq, əməliyyat tapşırığının icrasına gedərkən Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində motosikletlə hərəkətdə olarkən sol tərəfdən çıxan “Qazel” markalı avtomobili idarə edən sürücü avtomobili onun üzərinə sürmüşdür. Baş yolun onun olduğunu bildirəndə avtomobildəki şəxs düşərək uca səslə onu söymüş, ünvanına nalayiq ifadələr işlətmişdir. O həmin vətəndaşı nizamintizama dəvət etmiş, ona polis əməkdaşı olduğunu və əməliyyata getdiyini onun diqqətinə çatdırmışdır. O, vətəndaşa polis vəsiqəsini göstərsə də, vətəndaş buna məhəl qoymayaraq, ümumilikdə polis əməkdaşlarının ünvanına söymüşdür. Bundan sonra o, zəng edərək polis əməkdaşlarını çağırmış, polis əməkdaşları ilə birlikdə Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə aparmaq istəsələr də, Şəxs ilk öncə onlarla birlikdə polis bölməsinə getməkdən imtina etmiş, daha sonra digər polis əməkdaşları və oraya yığılmış, çox saylı vətəndaşların köməyi ilə Şəxs sakitləşdirmişlər və onu polis bölməsinə aparmışlar. Məhkəmə protokolu tərtib etmiş şəxsi, inzibati xəta törədən şəxs Şəxs və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmiş, yüngülləşdirici hal isə əməlindən peşman olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar