Məhkəmə qərarları › İş №3(060)-1851/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1851/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1851/2023 18.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Bakı Şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, OPEL ASTRA minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Belə ki, xx.xx.2023-cü il tarixdə Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüyün çəkildiyini bildirmişlər. O, avtomobilində şüşəyə vurulan pərdələrin qanunla müəyyən edilən halda, yəni pərdə kənarlarının dəmirdən yox, kardon və parçadan ibarət olduğunu bildirib əyani şəkildə yol polisi əməkdaşına göstərmiş, daha sonra heç bir qayda pozuntusu etmədiyini, əgər etmişdirsə bunu sübut etməyə borclu olduğunu qeyd etmişdir. Yol polis əməkdaşları onun sözlərini nəzərə almayaraq həmin pərdələrin qanunla tətbiqinə icazə verilmədiyini və bununla bağlı cərimə yazacağını ona bildirdir. Bununla razı olmadığını bildirsə də İXP5543402 nömrəli protokol tərtib edilərək ona İXM 342.2.4.-cü maddəsini rəhbər tutaraq cərimə yazılmışdır. Bildirdiyi halları DYP avtomobilində quraşdırılmış video müşahidə kamerası və qanunun tələbinə əsasən əməkdaşın üzərində olan səsyazı cihazı vasitəsiylə sübut etmək mümkündür. Həmçinin avtomobilinin şüşələridə olan pərdələrin kənarlarının dəmirdən yox, kardondan olduğunu yol polisi əməkdaşına göstərdiyi halı sübüt edən video müşahidə çəkilişi vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət verən şəxs və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azər İsmayılovun məxsus AE 032348 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, sonuncunun “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan diskə baxış zamanı həqiqətən də X1 avtomobildə sürücüdən arxa hissədə yerləşən ban şüşələrində pərdədən istifadə edərək nəqliyyat vasitəsini idarə etməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 21 yanvar 2023-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il qərarının 2.1-ci bəndinə görə nəqliyyat vasitələri – minik və yük avtomobilləri, həmçinin avtobuslar, mikroavtobuslar, trolleybuslar və tramvaylar, jalüz – öz oxu ətrafında hərəkət edən şaquli və ya üfüqi lövhələrdən ibarət olan və yaxud xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuar, pərdə – perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər, plyonka – işıqburaxma qabiliyyətinə malik, daxildən görüntünü təmin edən və bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır. Həmin Qərarın 3.1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Həmin Qərarın 3.2.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən X1 idarə etdiyi “Opel Astra” markalı nəqliyyat vasitəsi minik avtomobilidir. Belə olan məhkəmə hesab edir, “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 21 yanvar 2023-cü il Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 3.2.1-ci maddəsinə əsasən minik avtomobillərinə pərdənin (qarmoşka pərdənin) çəkilməsinə icazə verilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, X1 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar